"Təzminat olmayacaq" - Almaniya Prezidenti Yunanıstanın tələbini rədd etdi
Afinada səfərdə olan Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Yunanıstan Prezidenti Katerina Sakelaropulunun İkinci Dünya müharibəsində alman ordusunun bu ölkəyə vurduğu zərərlərə görə təzminat tələbini cavablandırıb. Dövlət başçılarının görüşündən sonra təşkil olunan mətbuat konfransında Yunanıstan Prezidenti Hitler Almaniyasının ölkəsindən məcburən aldığı və bu günədək qaytarmadığı kreditlərin və müharibə təzminatının ödənilməsinin vacibliyini qeyd edib. Afina 1941-ci ildən 1944-cü ilədək Yunanıstanı işğal altında saxlayan alman ordusunun ölkəyə vurduğu ziyana görə təzminat tələbini uzun müddətdir mütəmadi olaraq gündəmə gətirir.
Frank-Valter Ştaynmayer bu tələbə cavabında Almaniyanın İkinci Dünya müharibəsi zamanı törətdiyi qəddarlığı qəbul etdiklərini və bunun məsuliyyətini daşıdıqlarını vurğulayıb. Lakin o, Yunanıstanın tələbi ilə əlaqədar Almaniyanın təzminatlarla bağlı hüquqi məsələni beynəlxalq hüquqa əsasən artıq yekunlaşdırdığını bildirib.
Mətləb Salahov