"Bağlamanız gəlib, bizim anbardadır" - Belə mesajlar alsanız, tələyə düşə bilərsiniz...
Nadim Əliyev: “Kibercinayətkarlıq ölkəmizdə kütləvi hal alıb”
Son günlərdə istər dünya miqyasında, istərsə də Azərbaycanda kiberinsidentlərin sayı artmaqdadır. Bu insidentlər sırasına daxil olan fişinq hücumları isə daha təhlükəli hal alıb.
Fişinq - istifadəçinin şifrələrini, bank kartlarının nömrələrini və digər məxfi məlumatlarını qeyri-qanuni şəkildə ələ keçirən onlayn fırıldaqçılıq növüdür.
İnformasiya təhlükəsizliyi mütəxəssislərinin fikrincə, kiber cinayətlərin əksəriyyəti "hack" alətlərindən istifadə edilmədən törədilir, yəni təcavüzkarlar sadəcə qurbanlardan aldıqları məlumatları istifadə edirlər.
Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanın qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər.
Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.
“Vətəndaşları “bağlamanız gəlib, anbardadır, məlumatları təqdim etmək üçün filan düyməni” basmaq adı ilə də aldadırlar”
İKT sahəsi üzrə ekspert Nadim Əliyev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kibercinayət halları günü-gündən artır: “Kibercinayətkarlıq ölkəmizdə kütləvi hal alıb. Bir çox halda həmin pul xaricə çıxmır. Pulu əvvəl Azərbaycanda başqa bir hesaba köçürürlər ki, sonra yavaş-yavaş xaricə çıxarsınlar. Bəzən olur ki, həmin pul 15-20 gün ölkədə qalır. Yalnız diqqətli olun, özünüzü qoruyun demək çarə deyil. Maarifləndirmə bir yerə qədərdir. Ona görə ki, belə hallar kütləvi baş verir. Vətəndaşları “bağlamanız gəlib, anbardadır, məlumatları təqdim etmək üçün filan düyməni” basmaq adı ilə də aldadırlar. Qeyd edim ki, “Azərpoçt” MMC bu mesajların saxta olduğu, dələduzlar tərəfindən göndərildiyi haqqında dəfələrlə açıqlama yayıb. Naməlum mənbələrdən gələn elektron məktubları açmamaq, gizli məlumatları yalnız identifikasiyası effektiv olan etibarlı bulud xidmətlərində saxlamaq, rəsmi mənbələrdən yüklənmiş legitim proqram təminatlarından istifadə etməklə sözügedən virtual cinayətdən qorunmaq mümkündür. Eləcə də zərərli proqram təminatından, şifrələnmə və fişer hücumlardan qoruyan etibarlı həlllərdən istifadə etmək zəruridir. Bunu dövlət qurumları əvvəlcədən anons edirlər. Bir sözlə, fərdi məlumatları başqaları ilə paylaşmaq olmaz. Şübhəli linklərin üzərinə tıklamaq qadağandır. Gələn saxta zəngləri dəqiqləşdirmək gərəklidir. Əslində bu kimi sadə qaydalara əməl etsək, kiberdələduzluğa məruz qalmarıq. Əlavə olaraq alış-veriş etmək istədiyimiz onlayn saytların təhlükəsizliyindən əmin olun. Mobil bankçılıqdan səmərəli istifadə etməliyik. İstifadə olunmayan kartları bloklamaq lazımdır. Bu kimi qaydalara əməl etsək, ən azından kartdan oğurluq risqlərini azalda bilərik”.
Günel CƏLİLOVA