Ağ Ev iddiaları təsdiqlədi - Minlərlə Şimali koreyalı əsgər Rusiyada... Döyüş bölgələrinə göndərilirlər...
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiya üzrə müşaviri Con Kirbi Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsi ilə bağlı açıqlamalar verib.
Rusiyanın Kursk bölgəsində Şimali Koreya əsgərlərinin yerləşdirildiyi xəbəri ilə bağlı sualı cavablandıran Kirbi bunun mümkün olduğunu düşündüklərini deyib: "Şimali Koreya əsgərlərinin Kursk bölgəsinə yerləşdirildiyi ehtimalı var".
Vəziyyəti diqqətlə izlədiklərini və kəşfiyyatla daim təmasda olduqlarını deyən Kirbi, bu qoşunların hansı bölgələrə və necə yerləşdirilə biləcəyini tezliklə daha dəqiq anlayacaqlarını bildirib.
“Deyə bilərik ki, hazırda Şimali Koreyadan olan minlərlə əsgər təlim və təchizat üçün Rusiyadadır”, - deyən Kirbi, kəşfiyyat məlumatlarına əsasən onların sayını dəqiqləşdirməyə çalışdıqlarını bildirib.
Bu arada, Ukrayna prezidenti Zelenski kəşfiyyat məlumatlarına istinadən, Şimali Koreya əsgərlərinin ilk qrupunun oktyabrın 27-28-də döyüş bölgələrinə göndərilməsinin gözlənildiyini açıqlayıb. Zelenski deyib ki, dünya Rusiyanın əsl niyyətini açıq şəkildə görür: müharibəni davam etdirmək. Buna görə də dünya liderlərinin prinsipial və sərt cavab verməsi həyati əhəmiyyət kəsb edir.
Qeyd edək ki, iki gün əvvəl BRİCS sammitindən sonra mətbuat konfransı keçirən Rusiya prezidenti Putin, Şimali Koreya əsgərlərinin Rusiyaya göndərilməsinə dair paylaşılan peyk fotoşəkilləri ilə bağlı suala “Foto ciddi bir şeydir, görüntülər yayılıbsa demək nəyisə əks etdirir” deyərək yayılan xəbərləri təkzib etməyib.
TAHİR