"Real hadisələrin diametral olaraq əks təfsirdə təqdim olunması erməni propagandasının dəst-xəttidir"
"Avropa Parlamenti 22 bənddən ibarət “Azərbaycanda İnsan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər haqqında vəziyyət” adlı Qətnamə layihəsini müzakirəyə çıxarıb. Qətnamə layihəsinin mətni Ermənistan siyasi hakimiyyəti və Avropada şəbəkələnmiş erməni lobbi təşkilatları tərəfindən yazılıb. Layihəni parlamentin müzakirəsinə təqdim edənlər isə Avropa Erməni təşkilatlarının muzdlu xidmətçiləridir. Buna əmin olmaq üçün sadəcə qətnamə layihəsini oxumaq kifayətdir. Real hadisələrin diametral olaraq əks təfsirdə təqdim olunması erməni propagandasının dəst-xəttidir. Bu bizə yaxşı məlumdur." Bu barədə Milli Məclisin deputatı Cavanşir Feyziyev paylaşım edib. Deputat yazır:
"Şübhə yoxdur ki, AP həqiqətdən və ədalətdən uzaq olan bu qətnaməni də səs çoxluğu ilə qəbul edəcək və bununla da beynəlxalq qanunlara məhəl qoymadığını, ayrı-ayrı dövlətlərə, xüsusilə müsəlman ölkələrinə münasibətdə həmişə qərəzli mövqe tutduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.
2020-ci ildə torpaqlarımız erməni işğalından azad edildikdən sonra Avropa Parlamentinin Azərbaycana davamlı hücumları onu göstərir ki, Avropa Parlamentində söz sahibi olan dövlətlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasında maraqlı deyildilər. Bu açıq-aşkar onu göstərir ki, 30 il ərzində torpaqlarımızı işğal altında saxlayan təkcə Ermənistan yox, həm də onun arxasında dayanan Avropa İttifaqına üzv dövlətlər idi."
Zümrüd