Paşinyan Naxçıvana yeni marşrut təklif etdi - Kazanda sülh pozuculuğunun başqa detalları da üzə çıxdı...
"Paşinyan İlham Əliyevlə Kazan görüşündə əslində yeni heç nə nümayiş etdirmədi. Saziş imzalamaq istəyində olduğunu desə də, hamımız bilirik ki, o lazım olan sülhü yox, özünün təklif və Azərbaycanın rədd etdiyi yarımçıq sazişi imzalamaq istəyir. Bu bizim üçün təbii ki, məqbul deyil. Paşinyan dedi ki, sazişin 80-90 faizi razılaşdırılıb. Məsələdən xəbərsizlər üçün bu yeni xəbər kimi görünə bilər. Ancaq ermənilər bunu çox deyiblər. Lakin etiraf etmək istəmirlər ki, razılaşılmış 90 faiz maddələrlə saziş imzalamaq dayanıqlı sülhə heç bir təminat verə bilməz. Və ya onu etiraf etmirlər ki, hələlik razılaşılmamış dediyimiz 10 faizlik məsələ arxivacib məsələdir və yalnız bu 10 faizin razılaşılması bölgəmizə dayanıqlı sülh gətirə bilər".
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: "Kazanda baş verənlər Paşinyanın təkcə təkrarçılığı ilə bitmir. Üstəlik Paşinyan xüsusilə nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı bütün əvvəlki pozucu mövqeləri daha pis formada davam etdirdi. Məsələn, Kazanda belə dedi - İran-Ermənistan-Gürcüstan marşrutu Fars körfəzindən Qara dənizə ən qısa çıxış yoludur. Bu Şimal-Cənub marşrutudur. Azərbaycan-Ermənistan-Türkiyə marşrutu isə Xəzərdən Mərmərə dənizinə ən qısa yoldur. Bu Şərq-Qərb marşrutudur. Paşinyan davam edir: "Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirmək üçün də bu yoldan istifadə etmək olar"...
Gördünüzmü, Paşinyan Naxçıvana doğru Zəngəzur dəhlizinin adını çəkmir, əvəzində isə Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın arasında əlaqə üsulu kimi özünün təqdim etdiyi Şimal-Cənub, Şərq-Qərb marşrutlarının imkanlarından istifadəni təklif edir. Başqa sözlə, Paşinyan deyir ki, siz Naxçıvana bir yol istədiyiniz halda, mən 2 yol verirəm... Hələ bizə bir minnət də qoyur...
"Xatirin xoş olsun, Paşinyan"! Səni başa düşməyənlərə "yaxşı tapmaca" qurmusan...
Onu da deyək ki, Paşinyan Kazan çıxışında Zəngəzur dəhlizini sərf-nəzər etməklə yanaşı, həm də Azərbaycanın əsil Şimal-Cənub və Şərq-Qərb marşrutlarına qarşı alternativ və eyniadlı iki marşrut icad eləyir. Lakin əsil marşrutlarla Paşinyanın icad etdiyi qondarma Şərq-Qərb, Şimal-Cənub marşrutları arasında ciddi fərq var. Azərbaycanın üstünlük verdiyi Şərq-Qərb marşrutu Çindən Avropaya, Şimal-Cənub marşrutu Hindistandan Baltik dənizinə kimi gedir. Halbuki Paşinyanın təklif etdiyi Şimal-Cənub marşrutu İran körfəzini Qara dənizə, Xəzər dənizini Mərmərə dənizinə bağlayır. Əslində onu əsas maraqlandıran İran körfəzi-Qara dəniz marşrutudur. Xəzər-Mərmərə marşrutunu da bura qoşmaqla sadəcə Azərbaycanı maraqlandırmaq istəyir. Lakin görünür Paşinyan "müftə pendir siçan tələsində olar" məsəlindən xəbərsizdir. "Məsafə yaxın, məzənnə artıq" deyilən başqa bir zərb məsələmiz də var. Mənası odur ki, biz Zəngilandan Naxçıvana qısa yolu qoyub Paşinyanın təbirincə Xəzərdən Mərmərə dənizinə kimi uzaq yolda nə axtarmalıyıq?!..
Paşinyanın Kazandakı çıxışı hər şeyi şəffaf göstərən eynəyin gözlərini izafi şəkildə qaralamaqdan başqa bir şey deyil..."
Mətləb