Apteklər antibiotikləri reseptsiz qaydada satmaqda davam edirlər...
Adil Qeybulla: “Dərmanların apteklərdən reseptsiz buraxılması doğru deyil”
Apteklərdə bəzi antibiotiklərin reseptsiz satılması hallarına rast gəlinir. Kimsə aptekə yaxınlaşıb, reseptsiz antibiotik və digər dərmanları ala bilər. Ancaq növündən asılı olmayaraq, heç bir antibiotiki reseptsiz satmaq olmaz.
Əksər xarici ölkələrdə antibiotiklərin reseptsiz satışı qanunla qadağandır.
Görəsən, antibiotiklərin reseptsiz satışı nə dərəcədə düzgündür?
“Bizim aptek şəbəkələrinin ərzaq mağazalarından fərqi yoxdur, bu da bəzən faciəli hallara gətirib çıxarır”
Professor, həkim ekspert Adil Qeybulla “Bakı-Xəbər”ə şərhində bildirdi ki, dünyada bir çox adda dərman var ki, heç bir halda reseptsiz satışına icazə verilmir: “Antibiotiklərin aptek şəbəkəsində reseptsiz satılması birmənalı şəkildə qadağan olunmalıdır. Ümumiyyətlə isə. dərman preparatları yalnız resept əsasında satılmalıdır. Bizim aptek şəbəkələrinin ərzaq mağazalarından fərqi yoxdur. Təəssüf ki, bu da bəzən faciəli hallara gətirib çıxarır. Xəstələr bəzən kimlərinsə məsləhəti, əllərdə gəzən əsassız reseptlərlə, məsuliyyətsiz insanların tövsiyələri ilə hərəkət edir, özbaşına antibiotik alıb istifadə edirlər. Bəzən isə apteklərin özündə xəstələrə hansısa antibiotikləri məsləhət görürlər. Bütün bunların hamısı qeyri-qanunidir".
Həmsöhbətimiz onu da əlavə etdi ki, antibiotiklərin reseptsiz şəkildə apteklərdə satılması yolverilməzdir, böyük təhlükədir. Tez-tez antibiotiklərin yaratdığı problemlər haqqında eşidirik: “Lakin bununla bağlı heç bir tədbir görülmür, çünki antibiotiklərlə bağlı ölkəmizdə qayda-qanun yoxdur. Halbuki, dövlət dərmanların dövriyyəsinə çox ciddi nəzarət etməli, qaydaları tənzimləməlidir. Təəssüf ki, adi virus xəstəlikləri zamanı belə insanlarımız özbaşına antibiotiklərdən istifadə edir. Ümumiyyətlə, dərmanların apteklərdən reseptsiz buraxılması doğru deyil. Dünyanın heç bir ölkəsində reseptsiz dərman satılmır. Amma bizdə ixtiyari şəxs aptekə girib istədiyi dərmanı reseptsiz əldə edə bilir. Bu da insanların tibbi savadsızlığından irəli gəlir.
Bir çoxları həkimə getməkdənsə, aptek satıcısından və yaxud internet resurslarından məsləhət alır. Halbuki, həkim məsləhəti olmadan hansısa dərmanın qəbul edilməsi çox təhlükəlidir. Çünki həkim xəstəyə hansısa dərmanı yazanda onun yan təsirlərini nəzərə alır. Amma aptekdəki satıcı üçün bu vacib deyil. Təki onun alveri getsin. Qış aylarında insanlar antibiotiklərdən çox istifadə edir. Bu istifadə zamanı da çox vaxt həkimlə məsləhətləşmirlər”.
Günel CƏLİLOVA