Simonyan 44 günlük müharibəni və Antiterroru legitim saydı...
Alen Simonyan: "…Azərbaycanın Qarabağda apardığı əməliyyatın arxasında BMT Təhlükəsizlik Şurasının üç, ya da dörd qətnaməsi durub"
Atalar yaxşı deyib, haqq nazilər, amma üzülməz. 30 il Azərbaycanın "haqq kəndiri" dünyanın super-gücləri tərəfindən mişarlandı, amma kəsib bitirə bilmədilər. Görün bu sırada dünyanın hansi nəhəngləri var idi - Amerika Birləşmiş Ştatları, bütun Avropa, başda Fransa olmaqla və bizim indiki dostumuz Rusiya.
İş o yerə gəlib çatdı ki, Ermənistan parlamentinin tribunasından da hökumətə işğal edilmiş torpaqlardan çıxmaga çağırış edildi: "İşğal edilmiş torpaqlardan çıxıb Azərbaycandan dəyərli güzəştlər almaq olar, onlar bunu təklif edir. Əgər o torpaqlardan dinc yolla çıxmasanız, qanımızi töküb çıxardacaqlar bizi o torpaqlardan". Bu ifadələri Ermənistan parlamentinin tribunasından 15-20 il əvvəl bir erməni qadın deputat demişdi. Çox təəssüf ki, həmin deputatın adını unutmuşam. Erməni deputatlar həmin xanımın çıxışını fitə basdılar, özünü təhqir etdilər. Amma onun dedikləri cəmi on-on beş il sonra hasil oldu. O vaxt torpaqların azad edilməsi üçün Ermənistana ən sərfəli təkliflər verilirdi. Ermənilər isə israrla deyirdi ki, qanla alınan torpaqlar sülhlə geri qaytarıla bilməz. Halbuki, o torpaqları erməni əsgərləri deyil, rus əsgərləri işğal etmişdı. 30 sentyabr 1991-ci il müqaviləsinə əsasən Ermənistan hakimiyyəti sərhədlərinin qorunmasını ruslara tapşırdı. Bu hədiyyədən cusa gələn Rusiya isə Ermənistan tərəfdə Azərbaycana qarşı döyüşməyə razılaşdı. Beləliklə də rus ordusu Azərbaycan ərazisinin 20 faizini işğal edib ermənilərə təhvil verdi. Ermənilər isə qürrələnərək Azərbaycanı "məğlub tərəf" adlandırdı. Yalnız Azərbaycan Ordusu torpaqları azad etdikdən sonra Ermənistan cəmiyyətində etiraf edənlər tapılır ki, o torpaqlar elə Azərbaycana məxsus idi və Azərbaycan Ordusunun həmin ərazidə müharibə və antiterror əməliyyatı aparması beynəlxalq hüquqa görə legitim idi. Bunu ictimai qaydada etiraf edən kifayət qədər erməni var. Bu günlərdə isə bu, Ermənistanın rəsmi şəxsi, parlamentin sipikeri Alen Simonyan tərəfindən etiraf edildi.
Belə ki, Dağlıq Qarabağda nəzarəti güc yolu ilə ələ keçirməyin Azərbaycanın legitim hüququ olduğuna işarə edən Ermənistan parlamentinin spikeri oktyabrın 22-də müxalifətin kəskin tənqidinə məruz qalıb.
"İkinci Qarabağ müharibəsi başlayanda (2020-ci ildə) çox məyus idik, axı dünya ölkələri bu savaşa bizim istədiyimiz şəkildə cavab vermədi", - Alen Simonyan Azadlıq Radiosunun erməni xidmətinə həftəsonu müsahibəsində belə demiş və legitimliyin Ermənistan tərəfdə olmadığını vurğulamışdı: "Hüquq baxımından Qarabağa hücum etmək və Ermənistan ərazilərini işğal etmək fərqli məsələlərdir. …Azərbaycanın Qarabağda apardığı əməliyyatın arxasında BMT Təhlükəsizlik Şurasının üç, ya da dörd qətnaməsi durub".
Əsas müxalif "Hayastan alyansı"ndan deputat Geqam Manukyan parlamentdə söz alaraq, bu "çox səfeh" mövqeyi səsləndirməyi kimin ona məsləhət gördüyünü bildirməsini tələb edib. "1990-cı illərin əvvəlində qəbul edilən BMT qətnamələrinin Qarabağın statusuna aidiyyəti olmadığı ilə razılaşan Manukyan həmin sənədlərin "Azərbaycana Artsaxın (Qarabağın) işğalına da heç bir yarılegitim, ya da lap cüzi hüquqi əsas" vermədiyini söyləyib.
Baş nazir Paşinyana yaxın olan və səsləndirdiyi fikirləri danmayan Simonyan ona yönələn tənqidlərlə razılaşmayaraq deyib: "Biz legitim hüquqdan danışırıq. Mənim dediklərimdə yeni heç bir şey yoxdur. …Fakt budur ki, mübahisəli ərazi beynəlxalq müstəvidə Azərbaycanın tərkib hissəsi sayılıb və indi də sayılır".
Akif NƏSİRLİ