Rüşvət al, adam oğurla, milyonlar yığ, axırda da pensiyadan narazı qal - Mövlam Şıxəliyev kimi...
Şəmsəddin Əliyev: “Təxminən 20 milyon Azərbaycan manatı mənimsəmiş milli təhlükəsizlik üzrə keçmiş məmur...”
Azərbaycanın müasir tarixində elə generallar olub ki, dövlətin onlara həvalə etdiyi vəzifədən sui-istifadə edərək müxtəlif xarakterli cinayətlər törədiblər, vəzifə səlahiyyətlərini aşıblar.
Bunlardan biri də ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin həbsdə olan sabiq rəisi Mövlam Şixəliyevdir. M.Şıxəliyev dövlətin ona verdiyi pensiyadan narazıdır.
Mətbuatda gedən məlumata görə, bununla bağlı keçmiş general əvvəlcə Bakı İnzibati Məhkəməsinə müraciət edib və iddiasında təqaüdünün az olmasından şikayətlənib, pensiyasının artırılmasını istəyib. Mətbuata görə, lakin birinci instansiya məhkəməsi onun bu tələbini təmin etməyib.
Qərarla razılaşmayan keçmiş general növbəti şikayətini Bakı Apellyasiya Məhkəməsinə edib. Məlumata görə, onun şikayətinə hakim Şərafət Məmmədova baxacaq.
İş üzrə cavabdeh şəxs isə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialıdır.
Bildiyiniz kimi, M.Şixəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunub. M.Şixəliyev mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə almaqda təqsirli bilinib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şixəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib.
M.Şixəliyev general rütbəsindən məhrum edilib, əmlakları dövlət nəfinə alınıb.
Həm rüşvət alıb dövlətə, insanlara ziyan vurub, həm də narazılıq edir ki, pensiyam azdır, məbləğin artırılmasını tələb edir. Çox maraqlı məqamdır.
“Düşünürəm ki, sussaydı və ona verilən pensiyaya qane olsaydı daha yaxşı olardı”
Tanınmış hüquqşünas Şəmsəddin Əliyevin məsələyə münasibətini öyrəndik. Ş.Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, M.Şıxəliyevin general rütbəsi məhkəmənin ədalətli hökmü ilə əlindən alınıb. “Təbii ki, onun pensiyasının az olması ilə bağlı etdiyi müraciət də məhkəmə tərəfindən təmin edilməyib. Müraciət etmək onun hüququdur. Hər bir vətəndaş özünün pozulmuş hüququnun bərpası ilə bağlı məhkəmə instansiyalarına müraciət edə bilər. Son instansiya kimi Avropa İnsan Hüquqları məhkəməsinə də müraciət edə bilər, bu, vətəndaşın hüququdur. Amma onun pensiyasını Dövlət Sosial Müdafiə Fondunun nəyə görə az hesabladığına dair məlumatım yoxdur. Görünür, ona əsaslı şəkildə o məbləğdə pensiya təyin edilib. Əgər ondan narazılığı varsa məhkəmələrə müraciət edə bilər, amma məhkəmənin qanuni qüvvəyə minmiş aktından şikayət vermək olmaz. Yalnız müəyyən müddətdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə onun vəkili, yaxud özü müraciət edə bilər.
Amma burada çox məntiqli yanaşma var. Təxminən 20 milyon Azərbaycan manatı mənimsəmiş milli təhlükəsizlik üzrə keçmiş məmur, ölkə Prezidentinin imzası ilə ona verilən yüksək rütbəni daşımış ali zabit heyətindən olmuş bir nəfər bu şəkildə iddia irəli sürür. Düşünürəm ki, sussaydı və ona verilən pensiyaya qane olsaydı daha yaxşı olardı.
Ümumiyyətlə, onun heç dövlət tərəfindən verilən təqaüdə də ehtiyacı yoxdur. Nə qədər verilmişdisə, o da onun üçün kifayətdir. Özü deyir azdır və sair”.
Pensiyaların hesablanması işini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun apardığını deyən Ş.Əliyev hesab edir ki, fond rəsmi şəxslərin pensiyasını olduqca düzgün hesablayır, müəyyən mənada burada məmurlar tərəfindən hüquqpozmalar olsa da, amma sonradan vətəndaşın verdiyi şikayət əsında problem öz həllini tapır. “Əslində, bəlkə burda məhkəməyə ehtiyac da yoxdur. Ona görə də, məhkəmənin çıxardığı qərarla bir vətəndaş kimi razıyam. Onun bu məsələ ilə bağlı şikayət etməsi öz hüququdur. Amma düşünürəm ki, məhkəmələrin də dövlətin adından qəbul etdiyi qərarlar, çıxardığı aktlar sosial ədalətin bərpası yönündə tamamilə doğrudur”-deyə Ş.Əliyev bildirdi.
İradə SARIYEVA