İsrail təsdiqlədi - “Hizbullah” Netanyahunun evini vurdu
İsrail ordusu HƏMAS lideri Yəhya Sinvarı öldürdükdən sonra “Hizbullah”ın hücumları daha da artıb. Son məlumatlara görə, İsrailin baş naziri Binyamin Netanyahunun Kayserya şəhərindəki şəxsi iqamətgahı kamikadze PUA-ların hədəfi olub.
Məlumata görə, Livan tərəfindən buraxılan kamikadze pilotsuz təyyarə Netanyahunun şəxsi tətil iqamətgahını hədəf alıb.
Netanyahunun hökumət ofisi də dronların Netanyahunun evinə doğru atıldığını etiraf edib. Hücumdan sonra İsraildə bununla bağlı mediaya məhdudiyyət qoyulub. Buna baxmayaraq, Netanyahunun evinə hücum görüntüləri sosial mediada paylaşılıb.
Netanyahunun ofisi, evə pilotsuz təyyarə ilə edilən hücum zamanı baş nazir və həyat yoldaşının evdə olmadığını, pilotsuz təyyarənin evi deyil, yaxınlıqda bir ərazini vurduğunu bildirib.
İsrail ordusundan verilən açıqlamada, Livandan İsrail hava məkanına daxil olan 3 PUA-nın təsbit edildiyi və onlardan ikisinin məhv edildiyi bildirilib. PUA-nın Kayserya şəhərində bir tikiliyə düşdüyü, xəsarət alanların olmadığı bildirilib. Hücum zamanı Təl-Əviv yaxınlığındakı Herzliya şəhərində Mossad və hərbi kiberkəşfiyyata cavabdeh olan "Unit 8200"-ün ortaq bazası olan Glilot bazasında həyəcan siqnalları işə salınıb.
Digər tərəfdən, Netanyahunun evinin ətrafına çoxlu sayda hərbçi göndərildiyi və şəhərdə bu istiqamətə gedən bütün yollarda giriş-çıxışlar məhdudlaşdırılıb.
Mediada İsrail hökumətinin yüksək rütbəli məmuruna istinadən məlumat yayılıb ki, Netanyahuya qarşı sui-qəsd cəhdi olub. İsraildən yayımlanan Kanal 12 televiziyası yüksək rütbəli bir məmurun “İran Netanyahuya sui-qəsd cəhdi etdi” dediyi barədə xəbər yayıb.
“Yedioth Ahronoth” qəzeti isə hücum nəticəsində Netanyahunun evinə ziyan dəydiyini və İsrail Daxili Kəşfiyyat İdarəsi Şin-Betin (Şabak) bütün dövlət rəsmilərinin təhlükəsizliyini gücləndirdiyini bildirib.
Sosial mediada paylaşılan heyrətamiz görüntüdə “Hizbullah”a məxsus PUA-nın səmada İsrail helikopterinin yanından keçdiyi görülüb. El-Meyadin bildirib ki, kamikadze pilotsuz uçan aparat Kayseryadakı hədəfi vurmazdan əvvəl təxminən bir saat İsrail səmasında uçub.
Aralıq dənizi sahilində yerləşən kurort şəhəri Kayseryada siyasətçilərin və iş adamlarının yaşadığını xatırladan “Al Jazeera” telekanalı, bölgədə hərbi bazalar və neft emalı zavodları kimi strateji obyeklərin də olduğunu bildirir.
TAHİR