"Qərbi Azərbaycan mədəniyyəti" festivalının bağlanışı olub
Beynəlxalq Muğam Mərkəzində “Qərbi Azərbaycan mədəniyyəti” festivalının bağlanışı oldu. Festival Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Qərbi Azərbaycan İcması, “İRƏLİ” İctimai Birliyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dillər Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə baş tutub. Tədbirdə Qərbi Azərbaycana məxsus tarixi fotolar və rəsm kompozisiyaları, həmçinin bu coğrafi əraziyə məxsus müxtəlif kulinariya nümunələri sərgiləndi. Bildirildi ki, “Qərbi Azərbaycan mədəniyyəti” festivalının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini düzgün və ətraflı şəkildə çatdırmaqdır.
Tədbirdə çıxış edən deputat Şahin İsmayılov çıxış edərək bildirdi ki, hər birimizin ürəyi Qərbi Azərbaycanla döyünür və biz o yurdlarımıza mütləq qayıtmalıyıq, arzumuz, istəyimiz budur. Gənclər Fondunun rəhbəri Qədir Xəlilov da çıxış etdi və bildirdi ki, gün gələcək bu festivalı biz Qərbi Azərbaycanda keçirəcəyik.
Millət vəkili Səbinə Xasıyeva da vurğuladı ki, Qərbi Azərbaycana qayıdışa nail ola biləcəyik və bu qayıdışın çox yaxın gələcəkdə şahidi olacağıq.
“İRƏLİ” İctimai Birliyinin rəhbəri Şahin Rəhmanlı da dedi ki, bizim indi əsas istiqamətimiz Qərbi Azərbaycana qayıdışdır. Bu tədbir də Qərbi Azərbaycan tarixinin təbliği istiqamətində çox mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edənlər qeyd etdilər ki, Qərbi Azərbaycan mədəniyyətinin təbliğ edilməsi çox vacib məsələdir. "Qərbi Azərbaycan Mədəniyyəti" festivalı layihəsinin rəhbəri Nigar Əliyeva da çıxış etdi, bildirdi ki, məqsəd Qərbin Azərbaycanı, tarixi torpağımızı gənclər arasında təbliğ etmək, onların diqqətini bu məsələyə yönəltməkdir. "Qərbi Azərbaycan Mədəniyyəti" festivalının təşkilində aktiv iştirak edənlər təltif edildilər. Sonda tamaşaçılara ədəbi-bədii proqram təqdim edildi.
İradə SARIYEVA