Rusiya Rəşt-Astara dəmir yolunun maliyyəsindən imtina edir...
Fikrət Yusifov: “Rusiya bu gün Qərbin sanksiyaları fonunda ciddi maliyyə problemləri ilə üz-üzə qalıb”
Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoymaq barədə hələ bir qərara gəlməyib. Bunu İran parlamentində tikinti komissiyasının rəhbəri Məhəmmədreza Rezayi Koçi deyib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmir yolu layihəsi mühüm strateji layihədir, lakin görünən odur ki, Rusiya zəruri resursların təmin edilməsi məsələsində problemlərlə üzləşib: “164 km uzunluğunda olan dəmir yolu xəttinin tikintisinə dair kommersiya və yekun müqavilə 2024-cü ildə imzalanmalı idi. Lakin Rəşt-Astara dəmir yolunun marşrutu və xəritəsi ilə bağlı mübahisələr yaranıb. Bir müddət sonra İran və Rusiya nümayəndələri arasında bu fikir ayrılıqlarının aradan qaldırıldığı açıqlansa da, layihə üzrə yekun müqavilənin imzalanması ləngiyir. Təəssüf ki, Rusiya hələ də son qərara gəlməyib, baxmayaraq ki, ilkin danışıqlar tamamlanıb. Gecikmənin İranın ucbatından olmadığı aşkar olsa da, Rusiyanın layihədə texniki iştirakı müəmma olaraq qalır”.
Çox maraqlıdır, Rusiya niyə passiv olub bu məsələdə? Nəzərə almaq lazımdır ki, məhz prezident Vladimir Putinin təşəbbüsü ilə Rəşt-Astaraya Rusiya kredit ayırdı. O zaman nə baş verir?
“Belə bir layihəni maliyyələşdirməyə bu səbəbdən maraqlı deyil”
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “Əslində Rusiyanın bu gün Rəşt-Astatra dəmir yolu ilə bağlı sərgilədiyi mövqenin səbəbləri ortadadı. Birincisi, Rusiya bu gün Qərbin sanksiyaları fonunda ciddi maliyyə problemləri ilə üz-üzə qalıb. Ukrayna ilə müharibə Rusiyanı böyük maliyyə yükünə məruz qoyub. Bu müharibənin nə vaxt yekunlaşacağı isə aydın deyil. O səbəbdən Rusiya mümkün maliyyə resurslarını ancaq hərbə yönəltməyə məhkumdur. Belə bir layihəni maliyyələşdirməyə bu səbəbdən maraqlı deyil. İkincisi, İranın özünün ətrafında da ciddi proseslər baş verir. Məsələ ondadır ki, İsraillə olan hərbi münaqişənin necə yekunlaşacağı aydın deyil. Bilinən odur ki, yaxın günlərdə İsrail İrana qarşı ciddi hərbi əməliyyat keçirməyi planlaşdırır. Söhbət havadan endiriləcək zərbələrdən gedir. Bu əməliyyatın miqyası necə olacaq, o hansı nəticələrə gətirib çıxaracaq – bütün bunlar da aydın deyil. Təbii ki, belə bir dumanlı şəraitdə Rusiyanın regional layihələrlə bağlı etdiyi çağrışlar blefdən başqa heç nə ola bilməz. Yəni indi Rusiyanın qayğıları Rəşt-Astara dəmir yolu xəttinin çəkilməsindən on dəfələrlə böyükdür”.
Vidadi ORDAHALLI