“Ermənistandakı 26 mədən şirkətinin 12-si Qərbi Zəngəzur tərəfdə yerləşir” - Sabit Bağırov
Ermənistandakı 26 mədən şirkətinin 12-si Qərbi Zəngəzur tərəfdə yerləşir, bu da ətraf mühit üçün risklər yaradır. Bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə söyləyib.
S.Bağırov bildirib ki, Ermənistan BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyasına qoşulmayan ölkə olaraq qalır. Ermənistanda dağ-mədən sənayesi sahəsində 26 şirkət fəaliyyət göstərir və onların işi Azərbaycanın və regionun ekologiyasına ziyan vurur.
O qeyd edib ki, BMT-nin məlumatına görə, dünyanın 153 ölkəsi bir neçə digər ölkənin ərazisindən axan çaylar olaraq transsərhəd su ehtiyatlarından istifadə edir. “Təxminən üç milyard insan birbaşa bir neçə dövlətin ərazisində yerləşən çay hövzələrində yaşayır. Ona görə də transsərhəd su ehtiyatlarından birgə istifadə bütün bəşəriyyət üçün aktual olan məsələdir. Azərbaycan bu Konvensiyanın iştirakçısıdır. Ermənistanın da bu Konvensiyaya qoşulması Azərbaycan ərazisinə axan çayların çirklənmə risklərinin azaldılmasında çox mühim rol oynaya bilər.
Ermənistanın Sünik rayonu cənub-şərq istiqamətində eni təxminən 40 km olan uzunsov zolaqdır. Azərbaycanın Şərqi Zəngəzuruna bitişik olan bu kiçik ərazi isə mədən əməliyyatları ilə boldur və əməliyytların nəticəsində bu bölgədən Azərbaycan ərazisinə axan çayların çirklənməsi yüksək risklərlə müşahidə edilir. Nəzərə alaq ki, buralara on minlərlə məcburi köçkün öz doğma yurdlarına qayıdır. Onların qayıdışı zaman tələb edir çünki bu ərazilərin minalardan təmizlənməsi və bütün yaşayış şəraitinin bərpası hələ də yekunlaşmayıb”,- deyə o bildirib.
ZÜMRÜD