Fransanın CRS8 xüsusi silahlı mühafizə dəstələri Martinika xalqına divan tutur...
Tural İsmayılov: “Fransa öz müstəmləkələrində bir sıra qadağan olunmuş fəaliyyətlər həyata keçirir”
Xəbər veriliyi kimi, Fransa Müstəmləkələrinin Beynəlxalq Azadlıq Cəbhəsi bəyanat yayıb. Bəyanatda bir sıra məsələlərə toxunulub. O cümlədən qeyd edilib ki, Kanakidən sonra Martinikadakı bugünkü üsyan təsadüfi deyil. Bu iki ölkənin haqlı tələblərinə məhəl qoymayan Fransa buna yalnız repressiya və zorakılıqla cavab verir:
“Beynəlxalq Azadlıq Cəbhəsi keçmişə aid üsul-idarəyə qarşı çıxır. Çünki bunlar müstəmləkəçi dövlətin demokratik cəhətdən tənəzzülünü nümayiş etdirir. Biz heç bir respublika dəyərini təmsil etməyən və yalnız hakimiyyət sahiblərinin, onların yerli tərəfdarlarının təhlükəsizliyini təmin edən CRS8-in (kənardan gətirilən silahlı təhlükəsizlik qüvvələri) dərhal çıxarılmasını tələb edirik”.
Bəyanatda diqqət çəkən məqam CRS8-in dərhal çıxarılması tələbidir. Məlum olur ki, bu dəstələr əhaliyə qarşı olduqca amansız davranır, bu da əhalinin haqlı narazılığına səbəb olur. Ümumiyyətlə, bu cür silahlı mühafizə dəstələrinin ölkələrə yeridilməsi Fransa üçün nə dərəcədə doğru siyasətdir?
“Fransa müstəmləkə altında saxladığı ölkələrə hərbi dəstələr yeridir, öz haqlarını tələb edən fəallara olmazın işgəncələr verilir”
Siyasi şərhçi Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransa bu gün nə edəcəyini tam olaraq bilmir: “Fransa neomüstəmləkəçilik siyasətinə son verib, insan haqlarına, beynəlxalq hüquqa hörmət etmək yerinə vəziyyəti daha da gərginləşdirməklə məşğuldur. Müşahidə edilən odur ki, Fransa öz haqqını tələb edənlərə despotik basqılar həyata keçirir. Fransanın həyata keçirdiyi qəbuledilməz siyasət bu ölkənin beynəlxalq münasibətlər sistemində necə riyakar biri olduğunu nümayiş etdirir. Məlumdur ki, indiyə qədər Fransa öz müstəmləkələrində hüquqa zidd bir sıra addımlar həyata keçirib. Müasir dövrdə müstəmləkəçilik siyasətinin aparılmasının özü belə qəbuledilməzdir. Təəssüf ki, beynəlxalq birlik müstəçləkəçilik siyasətinə hələ də reaksiya vermir, səs etmir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Fransa öz müstəmləkələrində bir sıra qadağan olunmuş fəaliyyətlər həyata keçirir, laborator çalışmalar yerinə yetirir. Bu kimi faktlar onu göstərir ki, Fransanın həyata keçirdiyi siyasət insanlıq adına ləkədir: “Fransanın müstəmləkəçilik siyasətinə yalnız Azərbaycan etiraz edir”.
Siyasi şərhçinin sözlərinə görə, Fransa müstəmləkə altında saxladığı ölkələrə hərbi dəstələr yeridir. Öz haqlarını tələb edən fəallara olmazın işgəncələr verilir. Bu faktlar Fransanın demokratiya və hüquq anlayışından uzaq olduğunu göstərir.
Günel CƏLİLOVA