Qarabağda ekoloji təmiz tikinti texnologiyaları məsələsi beynəlxalq sərgiyə çıxarıldı...
Vüqar Bayramov: “Qarabağ yenidən bərpa olunmaqla yanaşı, Qafqaz üçün modern bir əraziyə çevrilir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev “Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə ekoloji təmizlik məsələsinə də toxunulub. Qeyd edilir ki, bu il dayanıqlı və ekoloji təmiz tikinti texnologiyalarının tətbiqi ilə bağlı keçirilən müzakirələr və təqdimatlar tədbirin beynəlxalq əhəmiyyətini daha da artırır.
Bu müraciətdə Qarabağda ekoloji təmiz tikinti texnologiyalarının tətbiqinə xüsusi önəm verilir və bu istiqamətdə işlərin aparılması xüsusi əhəmiyyətli hesab edir.
“Yaşıl iqtisadiyyatın formalaşması, təmiz tikinti qurğularından istifadə edilməsi onu göstərir ki, Azərbaycan qlobal çağırışlara uyğun olaraq regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhfə verib”
Mövzu ilə bağlı fikir bildirən millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın yaşıl zonası elan olunub. Burda alternativ mənbələrdən enerjinin cəlbi, istifadə olunması və yaşıl texnologiyadan istifadə edilməklə infrastrukturun qurulması nəzərdə tutulur: “Bu səbəbdən də Qarabağın yaşıl enerji zonası elan olunması əldə edilən enerjinin infrastrukturun qurulmasında, təmiz tikinti texnologiyanın istifadə olunması, eyni zamanda, şəhərsalmada yaşıllıqlara üstünlük verilməsi baxımından əhəmiyyətlidir. Məlumdur ki, Qarabağda yeni həyat, yeni nəfəs hiss edilir. Qarabağ yenidən bərpa olunmaqla yanaşı, Qafqaz üçün modern bir əraziyə çevrilir. Bu, Qafqazda yaşıl standartların tətbiq olunduğu ilk ərazidir. Yaşıl iqtisadiyyatın formalaşması, təmiz tikinti qurğularından istifadə edilməsi onu göstərir ki, Azərbaycan qlobal çağırışlara uyğun olaraq regionda yaşıl enerji şəbəkəsinin genişlənməsinə töhfə verib. Bu səbəbdən də Qarabağ və Şərqi Zəngəzur region üçün bir model kimi qiymətləndirilməlidir”.
Günel CƏLİLOVA