Ərdoğan gözləməyəcək ki, İsrailin raketləri Hatayı, ya Antalyanı vursun....
"İsrailin hərbi əməliyyatlarının miqyası getdikcə artır. Qurbanların sayı çoxalır. Bunları terror təşkilatlarına qarşı müharibədən daha çox müsəlmanlara qarşı genosid siyasətinə bənzədənlərin əlinə yeni- yeni arqumentlər düşür. Təbii ki, bölgənin ən qüdrətli müsəlman ölkəsi olan Türkiyənin narahatlığı, xəbərdarlıqları, hətta proseslərə hərbi müdaxilə ehtimalları da artır."
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. A.Quliyev daha sonra yazır: "Ərdoğanın "İsrail bizim torpaqlara yaxınlaşır" bəyanatına ciddi baxmaq lazımdır. Təbii ki, Ərdoğan oturub gözləməyəcək ki, İsrailin raketləri və ya dronları Hatayı, Ceyhanı və ya Antalyani vursun. Müsəlman qətliyamlarının miqyasca genişləndiyi hər addım Türkiyənin müdaxilə zərurətini artırır. Ərdoğanı Yaxın Şərq müharibəsinə daha sərt hərbi müdaxiləyə sövq edən müəyyən daxili faktorların olduğunu da unutmaq olmaz. Türkiyə cəmiyyətinin bu istiqamətdə ona güclü təpkilər göstərəcəyi şübhəsizdir.
İndi Türkiyənin müharibəyə müdaxilə etməməsi üçün çox şey İsrailin özündən asılıdır. İsraildə isə çox şey İsrail xalqından asılıdır. İsrail cəmiyyətinin Natenyahu hakimiyyətinə bundan sonra nə münasibət göstərəcəyi Yaxın Şərq müharibəsinin taleyi üçün önəmli ola bilər."
Mətləb