Britaniyadan xəbərdarlıq... İsraili çətin günlər gözləyir - İran və Hizbullah" eyni vaxtda raket hücumuna başlasa...
Aprelin 13-də və oktyabrın 1-də İsraili iki dəfə hədəfə alan İran son hücumunda bəzi hərbi bazaları ballistik raketlərlə vura bilib. 13 oktyabrda isə Hayfa yaxınlığındakı hərbi baza "Hizbullah"ın kamikadze təyyarəsi ilə vurulub. Dörd əsgərin öldüyü və 8-i ağır, onlarla əsgərin yaralandığı hücum İsrailin bu günə qədər ən ciddi itkilər verdiyi hücum kimi dəyərləndirilir.
Kamikadze dronlarının Aralıq dənizi üzərindən İsrail ərazisinə hücumundan sonra ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın və "Hizbullah"ın hücumlarına qarşı İsrailə Yüksək Hündürlükdə Ərazi Müdafiə Sistemi (THAAD) batareyası və 100-ə qədər əsgər yerləşdirəcəyini bəyan edib.
"Patriot"u tamamlayan sistem kimi qəbul edilən THAAD daha geniş ərazini müdafiə edə bilir. Ümumilikdə onların hər biri 6 yük maşınına quraşdırılmış buraxılış qurğusu, 48 önləyici, radio və radar avadanlığından ibarətdir. İstifadəsi və aktiv saxlanması üçün 95 əsgər tələb edən bu hava hücumundan müdafiə sistemi 150 km-dən 200 km-ə qədər məsafədən hədəfləri vura bilir.
Bu arada, İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantın rəhbərlik etdiyi təhlükəsizlik toplantısında İsrailin İrana hücumunun miqyası və vaxtı ilə bağlı razılıq əldə olunub. Hücum planının kabinetə təqdim ediləcəyi gözlənilir.
Britaniyanın "Financial Times" qəzeti isə yazıb ki, İrana qarşı qisas hücumuna qarşı hazırlaşan İsrailin raketlərin dayandırılmasında mümkün problemlə üzləşə bilər.
Qəzet ekspertlərin və keçmiş hərbçilərin rəylərinə istinad edərək, İsrailin hava hücumundan müdafiə sistemlərinin bir ildən artıqdır ki, Qəzza zolağı və Livandan atılan raketləri əngəllədiyini və hazırda İranla münaqişənin gərginləşməsi ehtimalına hazırlandığını bildirib.
Qəzetə danışan keçmiş ABŞ hərbi zabiti Dana Stroul deyib ki, İsrailin arsenalı tükənir: "Əgər İran İsrailin hücumuna cavab verərsə və Livan "Hizbullah"ı da bu hücuma qoşularsa, İsrailin hava müdafiə sistemləri problemlə üzləşəcək".
ABŞ-ın sözügedən problemin həllində İsrailə kömək etdiyini yazan qəzet bildirir ki, İsrail gələcəkdə hansı hədəflərin daha çox müdafiəyə ehtiyacı olması barədə seçim etməyə məcbur qala bilər.
TAHİR