Bakı-Quba yolunda narkotikin təsiri altında olan motosikletçi saxlandı
Narkotik vasitənin təsiri altında motosiklet idarə edən sürücü yol polisləri tərəfindən saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
MƏlumata əsasən, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən Bakı-Quba yolunun 10-cu kilometrliyində yol hərəkəti qaydalarını pozduğu və dövlət qeydiyyat nişanı olmadığı üçün “Yamaha” markalı motosikletin sürücüsünə “saxla” işarəsi verilib.
Aparılan araşdırma zamanı sürücü Məhəmməd Qasımovun motosikleti narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən olunub. Əlavə olaraq onun üzərindən narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
NAMİQ