Türkmənistan Azərbaycanın Orta Dəhlizinə Ermənistanı da qatmaq istəyir...
Rəsul Cahangirli: “Bakının bu məsələdə rəyi, münasibəti nəzərə alınmalı idi”
Türkmənistanda Nəqliyyat Keçidləri üzrə Transxəzər Koordinasiya Platformasının işə salınmasına həsr olunmuş yüksəksəviyyəli görüş keçirilib.
Tədbirdə Avropa İttifaqının beynəlxalq əməkdaşlıq üzrə komissarı Jutta Urpilaynen, Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktorunun müşaviri Henrik Hollouey, həmçinin Türkmənistan, Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistanın müvafiq nazirliklərinin nümayəndələri, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, İslam İnkişaf Bankı və Dünya Bankının təmsilçiləri iştirak edib.
Tədbir əsnasında qeyd edilib ki, Avropa İttifaqı ilə Mərkəzi Asiya arasında koordinasiya platformasının yaradılması Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Avropa və Mərkəzi Asiyanı birləşdirən daha sabit və sürətli marşruta çevrilməsinə imkan verəcək. Görüş iştirakçıları bildiriblər ki, ixtisaslaşdırılmış infrastrukturun genişləndirilməsi və nəqliyyat əlaqələrinin gücləndirilməsi region ölkələrinin iqtisadi tərəqqisi üçün həlledici rol oynayır. Yeni koordinasiya platforması Trans-Xəzər nəqliyyat dəhlizinin dayanıqlığını artırmaq və onu Avropa ilə Asiyanı birləşdirən multimodal marşruta çevirmək üçün nəzərdə tutulub.
Ümumən, Trans-Xəzər nəqliyyat dəhlizində investisiya imkanlarını genişləndirmək, multimodallığı artırmaq, dəmir, avtomobil yollarının və liman infrastrukturunun daha da genişləndirilməsi üçün sərmayə mühitinin daha da yaxşılaşdırılması öz yerində. Məsələnin qəribə olan tərəfi tədbirin açılışında Ermənistanın da iştirak etməsidir. Ermənistanın Orta Dəhlizə nə dəxli var? Ermənistan Azərbaycanla sülh sazişi imzalamadan onu Orta Dəhlizə kim qoşur? Türkmənistan nəyə əsasən bu addımı atır? Ona görə də Türmənistanın bu hərəkəti Azərbaycana qarşı xoş olmayan bir addımdır.
“Çünki Ermənistan Orta Dəhlizə zərrə qədər töhfə verməyib”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən ekspert Rəsul Cahangirli hesab edir ki, tədbirə Ermənistanın da dəvət edilməsi Türkmənistanın yanlış addımıdır: “Ən azından Ermənistanla bağlı Azərbaycanla qabaqcadan məsləhətləşmə aparılmalı idi. Bakının bu məsələdə rəyi, münasibəti nəzərə alınmalı idi. Bunu şərtləndirən bir sıra faktorlar var. Birincisi, Azərbaycan yeganə postsovet ölkəsidir ki, Rusiyadan yan keçməklə Avropaya enerji dəhlizinin çəkilməsini təmin edib. Özü də öz imkanları hesabına. Söhbət neft və qaz kəmərlərindən gedir. İkincisi, Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolunun ərsəyə gəlməsində başlıca rol oynayan ölkədir. Üçüncüsü, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunda çıxış edir və Orta Dəhlizin əsas açar dövlətidir. Dördüncüsü, Ermənistan Azərbaycanla sülh sazişindən yayınır, Zəngəzur dəhlizi ilə bağlı 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli razılaşmada üzərinə götürdüyü öhdəlikləri icra etmir. Tam əksinə, bu öhdəliyini nümayişkaranə şəkildə danır. O baxımdan, Ermənistanın belə bir tədbirə dəvət edilməsi doğru deyildi. Çünki Ermənistan Orta Dəhlizə zərrə qədər töhfə verməyib”.
Vidadi ORDAHALLI