Təbiətə yarım milyonluq ziyan vuran şirkət rəhbəri ziyanı ödədi, ancaq məhkəmədən qaça bilmədi...
“İnvest.M Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Musayev Cavid İntiqam oğlunun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, ibtidai istintaqla Cavid Musayevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Bakı şəhəri Nəsimi rayonu ərazisində rəhbərlik etdiyi müəssisənin istifadəsində olan ərazidə inşaat işlərinin aparılması zamanı meşə fonduna daxil olmayan ağac və kolların təkrarən qanunsuz olaraq kəsilməsinə nail olmaqla təbiətə ümumilikdə 413 min manatdan artıq məbləğdə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış mötəbər sübutlar əsasında Cavid Musayevə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.2.1, 259.2.3, 259.2.4 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə təkrarən külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə yekun ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
İbtidai istintaq zamanı təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsi təmin edilib.
ZÜMRÜD