Meksika mediasında erməni yalanları ifşa olunur
Meksikanın geniş oxuyucu kütləsinə malik olan “El Universal” qəzetində “Ermənistanla Azərbaycan arasında çoxdan gözlənilən sülh artıq yaxındırmı?” başlıqlı məqalə dərc olunub. Qəzetin fransız əsilli və əsasən Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən müxbiri Jan Meyer tərəfindən yazılmış böhtan xarakterli yazılara cavab olaraq hazırlanmış məqalədə J.Meyerə Ermənistanla Azərbaycan arasındakı keçmiş münaqişənin tarixini unutmamağa və erməniləri “qurban” kimi qələmə verməməyə çağırış edilir.
Azərbaycanın Meksikadakı səfirliyinin məlumatında deyilir ki, yazıda Azərbaycanın 30 il boyunca erməni təcavüzünə məruz qalması, ermənilər tərəfindən həm Ermənistan, həm də Azərbaycan ərazilərində etnik təmizləmə aparılması faktı göz önünə çəkilərək, Ermənistan ərazisində heç bir zaman münaqişənin olmadığı vurğulanır. Yazıda qeyd olunur ki, bütün dünya tərəfindən ərazi bütövlüyünün tanınmasına və 1993-cü ildə BMT-nin Ermənistanı Azərbaycan torpaqlarını azad etməyə çağıran qətnamələrinə baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini yalnız 30 ildən sonra bərpa edib. Eləcə də, işğal dövründə ermənilər tərəfindən bu qətnamələrə məhəl qoyulmadığı üçün daha əvvəl sülh yolu ilə həll oluna biləcək münaqişənin bu zamana qədər uzandığı vurğulanır.
Yazıda J.Meyerin əsassız ittihamlarının böyük narahatlıq doğurduğu və onun şəxsi fikirləri ilə oxuyucuları yanıltmağa çalışdığı qeyd edilir.
Mətləb Salahov