Gürcüstanın hakim partiyası prezident Zurabişvilini yeni parlamentin ilk iclasında yıxmağa hazırlaşır...
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası Prezident Salome Zurabişvilinin impiçmenti proseduruna yenidən başlayıb.
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, qərarın verilməsi Prezident S.Zurabişvilinin hökumətin icazəsi olmadan yenidən Paris, Brüssel, Berlin və Varşavaya səfər etməsi ilə bağlıdır.
Şalva Papuaşvili qeyd edib ki, Prezidentin impiçmenti ilə bağlı qərar parlament seçkilərinə qədər Gürcüstanın Konstitusiya Məhkəməsinə təqdim olunacaq. Gürcüstan Konstitusiya Məhkəməsi tərəfindən konstitusiyanın pozulması faktı təsdiqləndikdən sonra yeni çağırış parlamentin ilk sessiyalarında Salome Zurabişvili ən azı 100 səslə impiçment qaydasında vəzifəsindən uzaqlaşdırılacaq.
Qeyd edək ki, S.Zurabişvilinin səlahiyyət müddəti parlament seçkilərindən sonra başa çatır. Buna görə də impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması onun səlahiyyət müddətini maksimum bir ay qısalda bilər. “Prezidentin impiçment qaydasında vəzifəsindən kənarlaşdırılmasının hüquqi və siyasi əhəmiyyəti çox prinsipialdır. Gürcü xalqının əsas qanununun bilərəkdən, kobud və sistematik pozulması cəzasız qala bilməz”, - deyə Şalva Papuaşvili vurğulayıb.
Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” partiyası Salome Zurabişviliyə qarşı impiçment prosesinə ilk dəfə 2023-cü il sentyabrın 1-də başlayıb. Səbəb Prezidentin hökumətin razılığı olmadan Gürcüstanın Avropa kursunu dəstəkləmək üçün Avropa turnesi həyata keçirməsi olub.
2023-cü il oktyabrın 16-da Konstitusiya Məhkəməsi Prezidentin Konstitusiyanı pozduğunu təsdiqləyib.
Bunun ardınca proses parlamentə keçib.
Hakim partiyaya impiçmenti həyata keçirmək üçün 100 səs lazım idi, lakin impiçment uğursuz olub. "Gürcü Arzusu" Salome Zurabişvilini vəzifəsindən uzaqlaşdıra bilməyib. 90 deputat qeydiyyatdan keçib, 86 deputat impiçmenti dəstəkləyib, 1 deputat isə əleyhinə səs verib.
ZÜMRÜD