“Köhnə Qala”da təzə nöqsanlar aşkarlandı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Astara şəhəri, M.Rəhimov küçəsində yerləşən “Köhnə Qala” kafesində yoxlama aparıblar. Yoxlama zamanı ciddi qayda pozuntusu üzə çıxarılıb.
Belə ki, qida obyektində sanitar-gigiyenik tələblərin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi aşkarlanıb. Eləcə də döşəmə, tavan və divar səthlərinin çoxdan təmirsiz olduğu, müvafiq təmizlik işlərinin görülmədiyi, pəncərələrin qoruyucu tor örtüklə təmin edilmədiyi, qida məhsulları ilə təmasda olan səthlərin hamar, yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin yoxluğu, tullantılar üçün ağzı kip, qoxu yaymayan qabların təmin edilmədiyi məlum olub.
Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq tədbir görülüb. Sahibkar A.Həbibov barəsində inzibati protokol tərtib olunub, qida obyektinin fəaliyyəti dayandırılıb.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü