Əhalinin dərman vasitələri üzrə xərcləri minimuma endiriləcək – Qanuna dəyişiklik edilir...
Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Trend xəbər verir ki, iclasda “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş) müzakirə edilib.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.
İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. O bildirib ki, layihədə vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətin yüksəldilməsi, həmçinin əhalinin dərman vasitələrini qiymət dəyişmələrinə qarşı həssaslığının və dərman vasitələri üzrə xərclərinin minimuma endirilməsi məqsədilə bir sıra mühüm və mütərəqqi addımların atılması nəzərdə tutulub. Qeyd olunub ki, qanun layihəsinin qəbulu icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsini təmin edəcəkdir.