Azərbaycandan Avropaya üç yaşıl enerji dəhlizi dünyaya səs salıb...
“Azərbaycanın enerji keçidinin regional xarakterli növbəti mərhələsi Xəzər dənizinin nəhəng enerji potensialının işlənməsinə və yeni enerji dəhlizlərinin qurulmasına əsaslanır. Bu, həm də ölkəmizin yaşıl enerji tədarükçüsünə transformasiyası deməkdir”. Belə bir açıqlama ilə energetika naziri Pərviz Şahbazov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxış edib.
Nazirin sözlərinə görə, ilkin mərhələdə 5 giqavat yaşıl enerjinin Avropa və Türkiyəyə ixracını təmin edəcək Xəzər-Qara dəniz-Avropa, Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa, həmçinin Mərkəzi Asiya-Azərbaycan-Avropa “yaşıl enerji” dəhlizləri regional əhəmiyyətli strateji layihələrdir: “Xəzər-Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin texniki iqtisadi əsaslandırmasının ilkin nəticələri COP29 çərçivəsində elan ediləcək. Həmçinin “Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş”in tezliklə imzalanması nəzərdə tutulur. Həmin dəhlizlər regional və qitələrarası bağlantılar qurmaqla təchizatın təhlükəsizliyinə və təmiz enerjiyə keçidə müsbət təsirlərini göstərəcək”. Buradan görünür ki, Azərbaycandan 3 dəhliz vasitəsilə Avropaya “yaşıl enerji” ixrac ediləcək. Xatırladaq ki, 2022-ci ilin dekabrında “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanıb. Bu ilin sentyabrın 3-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın sistem operatorları - “AzərEnerji”, “Gürcüstan Dövlət Elektrosistem”, “Transelectrica”, MVM - arasında Birgə Müəssisənin Buxarest şəhərində yaradılmasını nəzərdə tutan “Səhmdar Müqaviləsi” imzalanıb. Kabel Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Macarıstandan olan iqtisadçı ekspert Laslo Vasa qeyd edir ki, Qara dəniz sualtı enerji kabeli layihəsinin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması haqqında razılaşma Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə əlaqələrində mühüm mərhələdir. Ekspertin sözlərinə görə, bu layihə Azərbaycanın geosiyasi arenada nüfuzunun tanınmasının bariz göstəricisidir: “Bu, kommersiya baxımından əlverişlidir və Mərkəzi Avropaya enerji idxalının şaxələndirilməsinə kömək edir. Eyni zamanda, Azərbaycanın iqtisadi diversifikasiyasını dəstəkləyir. Bugünə qədər həyata keçirilən tədbirlər öz səmərəliliyini göstərib, lakin növbəti addımlar daha aktiv olmalıdır. Təklif olunan sualtı kabel 1000 meqavat gücü ilə ən uzun kabel olacaq. Bu güc bir milyona yaxın Avropa evini enerji ilə təmin etmək üçün kifayətdir ki, bu da layihəni Avropada əhəmiyyətli dərəcədə bərpaolunan enerji mənbəyinə çevirir”. Laslo Vasanın sözlərinə görə, layihənin strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil: “Bu, xüsusən də Avropanın Rusiya enerjisindən asılılığını azaltmaq üçün atdığı son addımlar fonunda enerji mənbələrini şaxələndirmək üzrə daha geniş səylərinin mühüm tərkib hissəsidir. Layihənin həyata keçirilməsi enerji təhlükəsizliyinin artmasına, istixana qazları emissiyalarının azalmasına və regional əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq”. Bundan əlavə, ekspertin fikrincə, bərpaolunan mənbələr əsasında elektrik enerjisinin ixracı COP29-un məqsədlərinə uyğundur, ona görə də layihə, əslində, yaşıl Qarabağ və Şərqi Zəngəzur layihəsi ilə yanaşı, dünya konfransının mühüm addımlarından biri sayıla bilər.
Bunlar fonunda rumıniyalı ekspert Yulian Çifunun sözlərinə görə, Qara dəniz sualtı enerji kabeli layihəsi Azərbaycanla enerji təhlükəsizliyi və diversifikasiya sahəsində strateji əlaqələrin genişləndirilməsinə yönəlmiş real layihələrin bariz sübutudur: “Avropada enerjiyə artan tələbat yeni layihələrin həyata keçirilməsinə təkan verir. Nəticədə, Azərbaycanın qabaqcıl enerji ötürücü texnologiyalarının inkişafında xüsusi rolu var. Bu, enerji təhlükəsizliyi və diversifikasiya sahəsində Azərbaycanla strateji əlaqələrimizin genişləndirilməsinə yönəlib”. Bununla yanaşı, ölkəmiz Naxçıvan üzərindən Azərbaycan-Türkiyə-Avropa enerji dəhlzini idə işə salmağı düşünür. Naxçıvan - Türkiyə - Avropa marşrutu və “Cəbrayıl” enerji qovşağı sayəsində elektrik enerjisinin Ermənistan yaxud İran üzərindən Naxçıvana, oradan Türkiyə və Avropaya ötürülməsi planı çoxdan mövcuddur. Azərbaycan və Türkiyə vasitəsilə “yaşılenerji” dəhlizinin böyük bir strateji layihə kimi reallaşdırılması üçün Cəbrayılda inşa olunmuş 330 kilovoltluq yarımstansiya və elektrik verilişi xətlərinin eynilə Naxçıvanda tikilməsi, bu enerji sistemlərinin inteqrasiyası, Türkiyə ilə sərhəddə çevirici yarımstansiyanın tikintisi qarşıda duran məsələlərdir. Həmçinin Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi Mərkəzi Asiyadan elektrik enerjisinin Azərbaycan vasitəsilə ixracının daha bir potensial istiqaməti ola bilər. Belə ki, hazırda Qazaxıstan və Özbəkistandan “yaşıl enerji”nin Azərbaycandan keçməklə Xəzər-Qara dəniz-Avropa dəhlizi ilə Avropaya nəqli üzrə üçtərəfli əməkdaşlıq edilir. Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizinin reallaşması isə Mərkəzi Asiya ölkələrinin ixrac imkanlarını şaxələndirməklə yanaşı, türk dövlətlərinin “yaşıl enerji” əməkdaşlığına da töhfə vermiş olar. Mərkəzi Asiya-Azərbaycan-Avropa “yaşıl enerji” dəhlizi isə bütünlükdə regionun gələcəyi üçün böyük perspektivlər vəd edir. Bu layihə Avropanın enerji mənbələrini diversifikasiya etməklə yanaşı, iştirakçı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. Bu, Azərbaycan sayəsində Mərkəzi Asiya ölkələri üçün dünya arenasında rollarını möhkəmləndirmək, Avropa ilə əlaqələri gücləndirmək imkanı verir.
Ramil QULİYEV