Ermənistan KTMT-nin xarici siyasətini də boykot etdi...
Elşad Həsənov: “Bu o deməkdir ki, hansısa təmas olsun, amma KTMT çərçivəsində olmasın”
Ermənistan KTMT-nin daha bir tədbirini boykot edib. Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münabətlərinin “dönüşü mümkün olmayan nöqtəyə” yaxınlaşmasını bəyan edəndən bir həftə sonra İrəvan təşkilatın daha bir mühüm tədbirini - KTMT xarici işlər nazirlərinin görüşünü boykot edib.
Ermənistan kontingenti KTMT-nin son təlimlərinə da qatılmayıb. Bu təlimlərə sentyabrın 27-də Qazaxıstanın ən böyük şəhəri Almatı yaxınlığında başlanıb. Bu təlimlər ötən ilin oktyabrından bəri Ermənistanın boykot etdiyi azı üçüncü tədbirdir. Xarici işlər naziri Ararat Mirzoyan Nyu Yorkda Baş Assambleya əsnasında keçirilən KTMT nazirlərinin iclasına qatılmayıb. Görünən odur ki, Ermənistan KTMT çərçivəsində hərbi təlimlələrlə yanaşı, xarici işlər nazirləri çərçivəsində görüşləri də boykot edir. Siyasi təmasları belə, məqsədəuyğun hesab etmir.
“Ermənistanın bütün bunlarda strateji məqsədi Rusiyadan uzaqlaşmaqdır, amma birdən-birə yox, mərhələli şəkildə”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Ermənistan Rusiyadan qopmaq üçün bütün vasitələrə əl atır: “Xarici himayədarlarının sifarişlərini yerinə yetirir. Bütün bunlar rəsmi İrəvanın KTMT-yə qarşı apardığı kampaniyanın tərkib hissəsidir. 2023-cü ilin noyabrında Ermənistan KTMT-nin yekun sənədini imzalamaqdan imtina etdi. Davamlı olaraq hərbi təşkilatın təlimlərini boykot edərək KTMT-nin digər tədbirlərinə də qatılmır. Faktiki olaraq, Ermənistan KTMT-də fəaliyyətini dondurub və bu siyasətini davam etdirməkdə qərarlıdır. Gör bunlar Qərb qarşısında necə öhdəlik götürüblər ki, xarici işlər nazirləri müstəvisində belə təmas qurmaq istəmirlər. Bu o deməkdir ki, hansısa təmas olsun, amma KTMT çərçivəsində olmasın. Məsələnin paradoksal tərəfi odur ki, Ermənistan Avrasiya İqtisadi İttifaqı çərçivəsində tam fərqli siyasət yeridir. Maksimum bu ittifaqın iqtisadi dividendlərindən yararlanmağa çalışır. Rusiyadan ucuz qiymətə qaz, elektrik enerjisi idxal edir. Üstəlik, Ermənistandan Rusiyaya reeksport yüksələn xətlə inkişaf edir. Təkrar ixrac artır. Nəyin hesabına? Sanksiya altında olan məhsulların qanunsuz olaraq Rusiyaya ixrac edilməsi hesabına. Bu ilin sonuna Rusiya-Ermənistan ticarət dövriyyəsinin 14-16 milyard dollar olacağı proqnozlaşdırılır. Balaca Ermənistan üçün bu olduqca böyük rəqəmdir. Göründüyü kimi, Ermənistan Rusiyadan iqtisadi baxımdan yararlanır, amma siyasi-hərbi baxımdan uzaqlaşmağa çalışır. Bunun müqabilində də Qərbdən maliyyə yardımları qoparır. Təkcə USAİD çərçivəsində Ermənistana edilən yardımların həcmi 120 milyon dollardan 250 milyon dollara qaldırıldı. Ermənistanın bütün bunlarda strateji məqsədi Rusiyadan uzaqlaşmaqdır, amma birdən-birə yox, mərhələli şəkildə”.
Vidadi ORDAHALLI