Diplom üçün tələbələrdən pul yığan müəllim işdən qovuldu... - YENİLƏNDİ
Gəncə Dövlət Universitetinin sektor müdiri rüşvətə görə işdən çıxarılıb. Bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, agentlik Gəncə Dövlət Universitetində baş verən neqativ halla bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən məlumatlıdır:
"Faktla bağlı araşdırılma aparılıb və müvafiq tədbir görülüb. Belə ki, Gəncə Dövlət Universitetinin Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində yol verdiyi ciddi nöqsanlara görə 30.09.2024-cü il tarixində tutduğu vəzifədən azad olunub".
XXX
Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin tələbələri görüntü yayıb. Görüntülərdə onlardan diplomlarını götürmələri üçün pul tələb edilir.
Universitetdən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, görüntülərdə tələbələrdən pul tələb edən şəxs Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət Verdiyevdir və o, artıq cəzalandırılıb.
“Gəncə Dövlət Universitetinin Tələbələrin Qeydiyyatı və Dövlət Nümunəli Sənədlərlə İş Sektorunun müdiri Qüdrət İlyas oğlu Verdiyev işində verdiyi ciddi nöqsanlara görə 30 sentyabr 2024-cü il tarixdə tutduğu vəzifədən azad olunub", - deyə açıqlamada qeyd olunub.