"COP29-un əhəmiyyətini kiçiltmək olmaz" - BMT-nin Çərçivə Konvensiyasının icraçı katibi
Gələcək COP29-un əhəmiyyətini kiçiltmək olmaz. Trend xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən Beynəlxalq Konfransda bildirib.
O qeyd edib ki, qarşıdan gələn COP29-un aktuallığını və əhəmiyyətini kiçiltmək olmaz.
"Bu hadisənin əhəmiyyətini anlamaq üçün sadəcə son xəbərlərin başlıqlarına baxmaq kifayətdir; orada rekord temperatur, anomal istilik və sel hadisələri barədə məlumat verilir.
Ümumdünya Meteorologiya Təşkilatının təsdiqlədiyi kimi, 2023-cü il tarixdəki ən isti il olub, okeanda isə xüsusilə şokedici temperatur dəyişiklikləri qeydə alınıb. Ekstremal hava hadisələri və meşə yanğınları artıq gələcək proqnozlarının bir hissəsi olmaqdan çıxıb, çoxlarımız üçün reallığa çevrilib”, - o vurğulayıb.
Onun sözlərinə görə, COP29-a bir addım olaraq, bu İqlim Fəaliyyəti Həftəsi Bakı şəhərinə və onun sakinlərinə diqqət cəlb etmək üçün bir platforma təqdim edir.
“COP 29-un keçirilməsi münasibətilə Azərbaycan hökumətini təbrik etmək istəyirəm. Ambisiyaları artırmaq və fəaliyyətləri dəstəkləmək məqsədi daşıyan sədrlik, enerji keçidi, şəhərlər, risklər və davamlılıq, davamlı maliyyələşdirmə, su ehtiyatları, qida və kənd təsərrüfatı kimi konfransın əsas mövzuları Azərbaycanı bu il Beynəlxalq İqlim gündəminin mərkəzinə qoyur”, - o əlavə edib.
Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.