Sahil Babayev paralimpiyaçılarla görüşüb
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılar və onların məşqçiləri ilə görüşüb. Bu barədə baki-xeber.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılarımızı təbrik edən nazir, onlara növbəti yarışlarda da parlaq qələbələr arzulayıb. Bildirilib ki, paralimpiya komandamızın 169 ölkə arasında 28-ci yerdə qərarlaşması yüksək nailiyyətdir.
Prezident İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən Paralimpiya hərəkatının inkişafına yüksək diqqət və qayğısı nəticəsində paralimpiyaçılarımızın qələbələrinin artdığı vurğulanıb. Dövlət başçısı tərəfindən paralimpiyaçıların sosial rifahının daim diqqətdə saxlanıldığı, bu ildən paralimpiya çempionları üçün xüsusi paralimpiya təqaüdünün təsis edildiyi, həmçinin medal qazanan idmançıların və onların məşqçilərinin mükafatlandırıldığı qeyd edilib. Habelə onların dövlət təltifləri ilə təltif edildiyi bildirilib.
Yeniyetmə paralimpiyaçıların da iştirak etdiyi görüşdə ölkəmizdə hər il keçirilən Uşaq Paralimpiya İdman Oyunlarının paralimpiya hərəkatının inkişafında müstəsna rol oynadığı diqqətə çatdırılıb. Bu sahənin inkişafında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsi tərəfindən görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb. Paris 2024 Yay Paralimpiya oyunlarının medalçıları İlham Zəkiyev və Lamiyə Vəliyeva, Parataekvondo üzrə milli komandamızın baş məşqçisi Fərid Tağızadə çıxış edərək göstərilən diqqətə görə təşəkkürlərini bildiriblər, ölkəmizi yeni qələbələrlə sevindirəcəklərinə əminliklərini ifadə ediblər.
Nazir Sahil Babayevə Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılarımızın imzaları olan köynək hədiyyə edilib.
İradə SARIYEVA