"Türkiyə Azərbaycan və Ermənistan arasında tezliklə sülhün əldə olunması üçün səy göstərir" - Ərdoğan
Türkiyə Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunması üçün səy göstərir. Biz qonşu ölkələr arasında sabitlik və mehriban qonşuluq mühitinin tezliklə təmin olunmasının tərəfdarıyıq.
Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.
Türkiyə lideri deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda keçirilən görüş zamanı Ankaranın Azərbaycanla sülh sazişinin tezliklə bağlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. “Türkiyə onsuz da bunun üçün çalışır. Ümid edirik ki, məsələləri həll etməklə və Azərbaycanla Ermənistan arasında olan çətinlikləri aradan qaldırmaqla biz yeni yola qədəm qoyacağıq”, - deyə siyasətçi qeyd edib.
Türkiyə Prezidenti Azərbaycanın sülh gündəmini dəstəklədiyini vurğulayıb. “Biz Ermənistanın oxşar yanaşmasının şahidi olduq. Türkiyə isə öz tərəfindən hesab edir ki, sülh mühiti Bakı və İrəvan üçün yeni imkanlar pəncərəsi açaraq, bütün tərəflərin maraqlarına cavab verəcək”, - deyə Türkiyə lideri bildirib.
Dövlət başçısı Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin müsbət yekunlaşmasının Türkiyə-Ermənistan münasibətlərinin də normallaşmasına təkan olacağına əminliyini ifadə edib.
Ərdoğan daha sonra Ankaranın BRICS və ASEAN kimi təşkilatlara ölkəsinin mümkün daxil olması mövzusunu şərh edib. Türkiyə liderinin sözlərinə görə, BRICS və ASEAN platformaları Türkiyəyə iqtisadi əməkdaşlığı gücləndirmək üçün imkanlar açır.
“Ankaranın bu cür strukturlara daxil olması NATO-dan imtina demək deyil”, - deyə dövlət başçısı əmin edib və vurğulayıb ki, Ankaranın yeni beynəlxalq təşkilatlarla dialoqundan bütün region faydalanacaq.
ZÜMRÜD