ABŞ Departamenti Azərbaycan və Ermənistan XİN başçılarının görüşü ilə bağlı bəyanat yaydı
ABŞ dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycanın dayanıqlı və ləyaqətli sülh yolunda əldə etdiyi irəliləyişi yüksək qiymətləndirib.
Bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Millerin Nyu-Yorkda Blinkenlə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.
"Dövlət katibi Antoni Blinken bu gün Nyu-Yorkda BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə üçtərəfli görüş keçirib. Katib Blinken Ermənistan və Azərbaycanın əldə etdiyi tərəqqini yüksək qiymətləndirib. Dövlət katibi vurğulayıb ki, sülh sazişi regiona sabitlik və firavanlıq gətirəcək”, - bəyanatda deyilir.
Qeyd edək ki, görüşün yekunlarına görə tərəflər sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında Sazişin tezliklə bağlanması üçün əlavə səylər göstərməyə razılaşıblar. Azərbaycan və Ermənistan dövlət katibinə görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD