Ermənilərin “Hayasat”ı Azərbaycana qarşı kəşfiyyat aparacaq...
İbrahim Rüstəmli: “Ermənistan hər fürsətdən bizə qarşı istifadə etməyə çalışacaq”
Xəbər verildiyi kimi, Ermənistan dekabrın 1-də ilk kosmik peyki olan “Hayasat”ı orbitə çıxarıb. Peyk Kaliforniyadakı “Vandenberq” Hərbi Hava Qüvvələri bazasından “Speys X” şirkətinə məxsus “Falkon-9” raketi ilə orbitə çıxarılıb.
Peyk 517 km yüksəklikdə dövr edəcək. Peyk hər saat yarım ərzində Yer orbitində dövr edərək Ermənistan üzərindən keçəndə məlumatları yerə ötürəcək.
Qeyd edilir ki, peyk buraxılışı noyabrın 29-a nəzərdə tutulsa da, dekabrın 1-də Kosmosa göndərilib.
Maraqlıdır, bu peyk mümkündür ki, Azərbaycana qarşı kəşfiyyat-informasiya fəaliyyəti göstərsin?
“Hayasat” peykinin ümumən funksionallığı, texniki imkanları məhduddur”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında buna birmənalı yanaşmadı: “Əvvəla, Ermənistan Azərbaycana uzun illərdir düşmən münasibət bəslyən ölkədir. Otuz ilə yaxın ərazilərimizi işğal altında saxlayıb. O baxımdan Ermənistan hər fürsətdən bizə qarşı istifadə etməyə çalışacaq. O cümlədən, Ermənistan istəyəcək ki, orbitə çıxardığı peyklərdən Azərbaycana qarşı kəşfiyyat fəaliyyəti üçün istifadə etsin. Ancaq nəzərə almaq lazımdır ki, Kosmosda olan hər peyklə hansısa kəşfiyyat fəaliyyəti aparmaq, informasiya əldə etmək mümkün deyil. Bunun üçün peykin texniki imkanları, parametrləri böyük olmalıdır. Ermənistanın elə maliyyə imkanı yoxdur ki, belə üstün imkanlara malik peyki orbitə çıxarsın. Məlumata görə, Ermənistanın Kosmosa buraxdığı “Hayasat” peykinin ümumən funksionallığı, texniki imkanları məhduddur. Üstəlik, çəkisi də çox aşağıdır. Belə parametrlərə malik olan peyklə nə izləmə, nə də hər hansı müşahidə aparmaq mümkün görünür. Ancaq təbii ki, bunu əsas götürüb arxayınlaşmaq olmaz. Yəni gözləmək ki, Ermənistan növbəti mərhələlərdə belə cəhd etməz, doğru olmaz. Onlar imkan düşən kimi buna çalışacaqlar. Ancaq nə də etsələr Azərbaycanla rəqabət apara bilməyəcəklər”.
Vidadi ORDAHALLI