"Şəhidlər bizim əbədiyyət ünvanımızdır"- Nəzakət Məmmədova
"Redaksiya olaraq bunu ümummilli lider Heydər Əliyevin xalqımıza xüsusi diqqəti kimi qəbul edir, qayğısını bizdən əsirgəməyən ölkə rəhbəri, tarix yazan sərkərdə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Son olaraq bildirim ki, xalqımızın 30 illik həsrətinə 44 gündə son qoyan cəsur, qəhrəman və qeyrətli Azərbaycan övladları – öz canlarını Vətən üçün fəda edən, şərəf tariximizi yazan şəhid oğullar daim yaddaşımızda yaşayacaq, xatirələri həmişə bizə əziz olacaq. İllər, qərinələr ötəcək, onlar heç vaxt unudulmayacaqlar.
Sağlamlıqlarını itirmiş qazilərimiz də bizim fədailərimizdir, onların hünəri ilə bu gün başımızın üstündə nikbin bir səma pərvaz edir. Bizə Qələbə sevinci yaşadan şəhidlərimizi anmaq, onların adlarını və xatirələrini əbədiləşdirmək bizim borcumuzdur. Şəhidlər bizim əbədiyyət ünvanımızdır". baki-xeber.com-un məlumatına görə, bunu Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova sentyabrın 26-da Mingəçevir Dövlət Dram Teatrında “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimat mərasimindəki çıxışında bildirib.
İradə SARIYEVA
Mingəçevir