"Mingəçevir şəhəri respublikamızda çox şəhid verən bölgələrimizdən biridir"- Nəzakət Məmmədova
"Bugünkü tədbirimizi nur şəhəri olan Mingəçevir şəhərində keçiririk. Ümumiyyətlə bu şəhər müasirliyi və geniş, səliqəli küçələri ilə göz oxşayır. Mingəçevir Su anbarının isə xüsusi bir gözəlliyi var. Mingəçevir şəhəri respublikamızda çox şəhid verən bölgələrimizdən biridir. Birinci Qarabağ müharibəsi zamanı 500 nəfərdən yuxarı, Vətən müharibəsi zamanı isə 70 nəfərə yaxın şəhid vermişdir. Onlardan 4 nəfəri: Malik Əsədov, Ruslan Muradov, Dilqəm Nağıyev və Rəşad Muradov torpaqlarımızın müdafiəsi uğrunda göstərdikləri igidliklərə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüşlər".
Bu barədə Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova sentyabrın 26-da Mingəçevir Dövlət Dram Teatrında “44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildinin, həmçinin Vətən müharibəsi şəhidləri Əli və İslam Əhmədov qardaşları haqqında yazılmış “Şəhid dağı”, Musa və Tural Həsənov qardaşları haqqında yazılmış “Gəl, birlikdə köçək dünyadan...” adlı kitabların təqdimat mərasimindəki çıxışında bildirib.
İradə SARIYEVA
Mingəçevir