NATO 3-cü Dünya müharibəsi hazırlıqlarına başladı...
NATO Rusiya ilə mümkün müharibə vəziyyətində yaralıların döyüş xəttindən təxliyyəsi planını hazırlayır. Proqnozlara əsasən, müharibə geniş döyüş meydanında gedəcək və NATO-nun ciddi itkisi olacaq. Bu barədə bəyanatı Şimali Atlantika Alyansının logistika komandanlığının rəhbəri, general-leytenant Aleksandr Zolprank “Daily Mail”ə müsahibəsində verib.
General qeyd edib ki, Rusiyanın Hərbi Hava Qüvvələrinin geniş imkanlarına görə yaralıların təyyarələrlə təxliyyəsi çox təhlükəli ola bilər, bu səbəbdən sanitar qatarlardan istifadə etmək daha yaxşıdır: “Ən pis halda bizim vəzifəmiz çoxlu sayda zərərçəkmişi operativ və keyfiyyətli yardımla təmin etmək olacaq”.
Zolprank həmçinin NATO-nun tibbi qaydalarının birləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu vəziyyətdə çıxış yolu dərmanların, o cümlədən vəziyyəti ağır olan zərərçəkmişlər üçün zəruri ağrıkəsicilərin sərbəst ötürülməsini təmin edəcək “Hərbi-tibbi Şengen”in yaradılması ola bilər.
“Daily Mail”, tibbi təxliyyə planının Rusiya ilə mümkün müharibəyə hazırlığın yalnız bir elementi olduğunu bildirib. Nəşr yazır ki, NATO yanvarın 22-dən mayın 31-dək 90 mindən çox hərbi qulluqçunun iştirak etdiyi ən böyük təlimi keçirib. Bu manevrlər həmçinin Rusiyanın təcavüzünə hazırlığın tərkib hissəsi olub və Böyük Britaniya, Almaniya, Macarıstan, Yunanıstan, Polşa, Finlandiya, İsveç və s. kimi dövlətləri bir araya gətirib.
Yanvarda Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan etmişdi ki, Qərb ölkələri növbəti 3-5 il ərzində Rusiya ilə mümkün müharibəyə aktiv şəkildə hazırlaşmalı və bu vaxtdan “intensiv silahlanma” üçün istifadə etməlidirlər.
TAHİR