"Makronun yanlış və qəbuledilməz fikirlərini qətiyyətlə rədd edirik" - icmadan bəyanat
"Qərbi Azərbaycan İcması olaraq, Fransanın prezidenti Emmanuel Makronun BMT Baş Assambleyasında 2024-cü il sentyabrın 25-də səsləndirdiyi Azərbaycanın guya Ermənistana “təzyiq” göstərməsi və “ərazi gərginliyi” barədə tamamilə yanlış və qəbuledilməz fikirlərini qətiyyətlə rədd edirik." Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.
Bəyanatda, həmçinin qeyd olunur: "Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən otuz il ərzində işğalına dəstək vermiş, bir milyon azərbaycanlının Ermənistandan və işğal olunmuş Azərbaycan ərazilərindən qovulmasına göz yummuş, vaxtilə münaqişənin dinc yolla həlli üçün atılan addımlara qarşı çıxmış Fransa rəhbərinin indi sülhə və beynəlxalq hüquqa istinad etməsi olduqca ikiüzlü bir yanaşmadır. Xatırladaq ki, Makronun indi ikiüzlülük nümayiş etdirdiyi BMT Baş Assambleyası, 2008-ci ildə münaqişənin həllinə xidmət edən müvafiq qətnamənin qəbuluna Fransanın mane olma cəhdlərinə şahidlik etmişdir.
Aydın məsələdir ki, imperialist gündəliyə malik Fransa, Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq münaqişəni həll edib, öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən narazıdır. Çünki bu, onun regionun işlərinə müdaxilə etmək imkanlarını məhdudlaşdırır. Makron bölgədə yenidən münaqişə yaratmaq məqsədilə Ermənistana böyük həcmdə silah göndərir və buna informasiya hazırlığı kimi beynəlxalq platformalarda sanki regionda müəyyən gərginlik olduğu təəssüratı yaratmağa çalışır. Azərbaycana qarşı atdığı böhtanlar da Makronun bu məqsədinə xidmət edir.
Biz Fransadan tələb edirik ki, bu dağıdıcı niyyətindən əl çəksin, Ermənistana silah göndərməyi dərhal dayandırsın, regionun işlərinə qarışmasın və sülhə mane olmasın. Eyni zamanda, Ermənistanı Fransanın oyununda alət olmamağa, genişmiqyaslı silahlanma proqramını dayandırmağa, diqqətini Azərbaycanla sülh əldə etməyə yönəltməyə və Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmalarına şərait yaratmağa çağırırıq".
Mətləb Salahov