Tramp İranı müharibə ilə hədələdi - şəhərlərinizi dağıdıb, ölkənizi məhv edərik...
Dünyanın müxtəlif yerlərində baş verən qarşıdurmalar və hücumlar böyük müharibə üçün zəmin hazırlayır. Xüsusilə İsrail-Fələstin, İsrail-Livan, Rusiya-Ukrayna müharibələri dünya üçün ciddi təhlükəyə çevrilir. Son vaxtlar mümkün 3-cü Dünya Müharibəsi ilə bağlı da tez-tez bəyanatlar verilir.
Belə bir vaxtda ABŞ-İran xəttində də gərginliyin arta biləcəyi ehtimalı yaranb. Belə ki, ABŞ-ın keçmiş prezidenti, hazırda prezidentliyə namizəd Donald Tramp açıq şəkildə İranı məhv etməklə hədələyib. Tramp deyib ki, İran ABŞ-da seçki namizədinə zərər verəcəyi halda “ölkəni parçalara ayıracaq”.
“Mən prezident olsaydım, bizi hədələyən ölkəyə, indiki halda İrana deyərdim ki, “əgər bu adama zərər vurmağa çalışsanız, ən böyük şəhərlərinizi və ölkənizi məhv edərik” - deyə Tramp Şimali Karolinada seçki kampaniyası zamanı çıxışında bildirib.
Qeyd edək ki, Amerika kəşfiyyatı noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərində namizədlərə qarşı sui-qəsdlər barədə xəbərdarlıq edib. Kəşfiyyat təhdidlərin birbaşa İrandan gəldiyini bildirib.
Tramp da İrana qarşı hədələyici sözləri məhz ABŞ kəşfiyyatının “sui-qəsd” xəbərdarlığından sonra verib.
TAHİR