Azərbaycan İqlim Maliyyəsi üzrə Fəaliyyət Fonduna 10 donor ölkəni cəlb etməyi planlaşdırır... - Nazir
COP29-un fəaliyyət gündəliyində yer alan əsas təşəbbüslərdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (İMFF) yaradılmasıdır.
Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu fond mühüm rol oynaya bilər.
“Fondun kapitalının əsasən qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada ölkələrində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin yaşıl keçidə olan töhfələrini artırmaqdır. Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır. COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq”, - deyə nazir əlavə edib.
ZÜMRÜD