Gürcüstanda seçki ərəfəsində vəziyyət gərginləşir – iki dövlət qurumu prezidentə qarşı ağır ittihamlar irəli sürdü
Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu (KQMB) iki qeyri-hökumət təşkilatını (QHT) hazırda ölkədə davam edən seçki kampaniyasına qeyri-qanuni müdaxilədə ittiham edib. Gürcüstan KQMB məlumat yayıb.
Bildirilib ki, hər iki qurum və onların rəhbərləri qanunun tələblərini pozaraq seçki kampaniyasında fəal iştirak edir, müxalifəti dəstəkləyir, ictimaiyyətlə görüşlər keçirir.
Qeyd edək ki, "Transparency International Georgia" və Prezident Salome Zurabişvilinin yaratdığı “Avropanı seçin” təşkilatları qeyri-qanuni olaraq seçki kampaniyasında iştirak etdikləri üçün “elan olunmuş seçki məqsədi daşıyan subyektlər” siyahısına daxil ediliblər. Onlara “Vətəndaşların siyasi birlikləri haqqında” Qanunun tələbləri şamil edilməlidir.
İndi həmin QHT-lərdən beş gün ərzində maliyyə hesabatlarını və bank rekvizitlərini müvafiq strukturlara təqdim etmələri tələb olunur.
Gürcüstan Mərkəzi Seçki Komissiyası isə bəyan edib ki, Prezident İnstitutu seçki administrasiyasını gözdən salmaq üçün kampaniyaya cəlb olunub. Bildirilir ki, Gürcüstan Prezidenti və onun nümayəndələri MSK-nı nüfuzdan salır və ictimaiyyətdə seçki administrasiyasının qanunları pozduğu, eləcə də xaricdə seçki məntəqələrinin açılmasından imtina etdiyi barədə rəy yaradırlar.
Qeyd olunur ki, MSK müxtəlif formatlı iclaslar zamanı xaricdə səsvermə məsələsini tənzimləyən reqlamenti dəfələrlə dəqiqləşdirib və dolğun məlumat verib.
“Biz Prezident və onun nümayəndələrini seçki administrasiyasına qarşı siyasi motivli hücumları dayandırmağa və həm ölkə daxilində, həm də xaricdə seçicilərə hörmətlə yanaşmağa çağırırıq”, - deyə MSK-nın bəyanatında vurğulanır.
ZÜMRÜD