Məktəblərdə bit yayılır - uşaqlar üçün təhlükə var...
Nərmin Əliyeva: “Bu vəziyyətin yaranması gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır”
Yeni tədris ili başlayan kimi özü ilə bərabər bir sıra problemlər də gətirib. Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə valideynlər aşağı siniflərdə uşaqların başına bit düşməsi, bunun yayılması, müəllimlərin də çarəsiz qalması ilə bağlı məlumatlar paylaşır.
Qeyd edək ki, bir müddət öncə Göygöl rayonunda valideyn 2014–cü il təvəllüdlü uşağın başından biti təmizləmək üçün “Niastol” dərmanından istifadə edib. Nəticədə azyaşlı vəfat edib. Məlumat üçün bildirək ki, bu dərman mal-qara üçün nəzərdə tutulub.
Maraqlıdır, bitin birdən-birə bu qədər çoxalmasının səbəbi nədir? Bu problem necə həll olunmalıdır?
“Təhsil müəssisələrində uşaqların sayına uyğun paltar asılan yerlər yoxdursa, bu səbəbdən də bit yayıla bilər”
Dermatoloq Nərmin Əliyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu vəziyyətin yaranması gigiyenik qaydalara əməl olunmaması ilə bağlıdır: “Çox güman ki, antisanitariyadan irəli gələn problemdir. Ümumiyyətlə, bitə kasıb ailələrdə daha çox rast gəlinir, bu da onların şəraitsizliyi nəticəsində meydana gəlir. Hamamları olmadığından başlarını tez-tez yumurlar və ya başqalarının papaq və digər geyimlərindən keçə bilir. Bu halla qarşılaşan valideyn uşağı dərhal dermatoloqa aparmalı, həm də sağalana qədər məktəbə, bağçaya getməyə qoymamalıdır. Bitliliyin daha çox yayılmasının səbəbi ictimai nəqliyyatda və ya sıxlıq müşahidə olunan yerlərdə yoluxmuş bir insandan sağlam bir insana birbaşa təmas yolu ilə ötürülməsidir. Şagird sıxlığının müşahidə edildiyi tədris müəssisələrində bu qeydə alına bilər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, istər uşaq bağçaları, istər insanların kütləvi toplaşdığı yerlər, ictimai nəqliyyatda sanitar-gigiyena qaydalarına ciddi riayət olunmalıdır: “Qeyd etdiyim kimi, bit çirkdən, natəmizlikdən yaranır. Təhsil müəssisələrində uşaqların sayına uyğun paltar asılan yerlər yoxdursa, bu səbəbdən də bit yayıla bilər. Ümumiyyətlə, uşaq bağçaları, məktəblərə, insanların kollektiv toplaşdığı yerlərə ciddi nəzarət olmalıdır. Geyim əşyaları və yataq dəstləri fərdi formada istifadə olunmalı, eyni zamanda, markirovkalanmalı, nişanlanmalıdır. Təmizlik qaydalarına ciddi riayət olunmalıdır”.
Günel CƏLİLOVA