Paytaxt səkilərində avtomobil parklanmaları sakinləri ciddi narahat edir
İlqar Hüseynli: “Sürücülər parklanma məntəqələrində yer tapa bilmir”
Bütün meqapolislərdə olduğu kimi, Bakıda da nəqliyyat vasitələrinin çoxluğu səbəbindən parklanma problemi mövcuddur. Kifayət qədər aktual olan bu problem isə hələ də öz həllini tapa bilməyib. İnşa olunan yeni yerüstü və yeraltı parklanma yerləri bu problemin aradan qaldırılması üçün aparılan işlərin bir hissəsidir.
Bu sahədə görülən işlərə baxmayaraq, paytaxtda qanunsuz parklama problemi tam aradan qalxmır.
Məlumdur ki, bir müddət öncə səkidə avtomobillərin parklanmasının cərimə məbləği 60 manata qaldırılıb və əlavə olaraq iki bal da cərimə tətbiq edilib.
Lakin buna baxmayaraq, hələ də səkidə avtomobillərini park edən sürücülərə rast gəlmək olur. Bu da piyadaların hərəkəti üçün çətinlik yaradır.
“Hökumət və əlaqədar qurumlar vətəndaşların parkinq imkanlarını genişləndirməyə çalışmalıdırlar”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, səkilər piyadalar üçündür. Şəhər ərazisi o qədər yüklənib ki, avtomobilini park etməyə yer tapmayan sürücülər artıq səkilərə çıxırlar: “Bundan sui-istifadə edən şəxslər isə həmin səkilərdə qeyri-leqal parkinq xidmətləri göstərirlər. Digər tərəfdən parkinq qiymətləri kifayət qədər bahadır. Günlük olaraq, iş yerinin yaxınlığında avtomobilini park etmək istəyən vətəndaşlar əməkhaqlarının böyük hissəsini bura ödəməli olur. Obyektlərə gəlincə isə deyim ki, onlar obyektin qarşısındakı yolun dövlətə məxsus olduğunu və insanların istifadəsi üçün nəzərdə tutulduğunu başa düşməlidirlər. Obyekt yalnız tikildiyi torpaq üzərində mülkiyyətçilik hüquqlarına sahibdir. Təəssüf ki, bəzi hallarda obyektin rəhbər şəxslərinin avtomobillərini park etməsi üçün ictimai ərazilər zəbt olunur və sadə vətəndaşa burada park etməyə icazə verilmir. Hökumət və əlaqədar qurumlar vətəndaşların parkinq imkanlarını genişləndirməyə çalışmalıdırlar”.
Ekspert onu da əlavə etdi ki, sürücülər parklanma məntəqələrində belə yer tapa bilmir. Parklanma yerləri artırılmalıdır. Ancaq bu proses yolları daraltmamaq şərtilə getməlidir.
Günel CƏLİLOVA