"Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə əsas maneədir" - Ceyhun Bayramov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin açıqlamasında deyilir ki, görüşdə Azərbaycan və Lüksemburq arasında ikitərəfli əlaqələrin perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı və mövcud problemlər barədə məlumat verib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı davam edən ərazi iddialarının sülh əldə edilməsinə əsas maneə olduğu vurğulanıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyimiz çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün mövcud perspektivlərdən istifadənin vacibliyi qeyd olunub.
Mətləb Salahov