5 ulduzlu otellərin qiymətində artım 33 faizə çatdı
Ceyhun Aşurov: “Qiymət artımına səbəb ölkəyə gələn turistlərin 5 ulduzlu seqmentə uyğun olması və buna tələbin artmasıdır”
Azərbaycanda 5 ulduzlu otellərin qiyməti artmaqda davam edir. Məlumat üçün bildirək ki, ölkəmizdə olan 5 ulduzlu otellərin qiyməti 30%-dən çox artıb. Hazırda 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,6 manat təşkil edib, bu, əvvəlki illə müqayisədə 33,3 % çoxdur.
Ən yüksək qiymət Qəbələdə - 349,9 manat olub. 2-ci yeri 327 manat olmaqla Quba otelləri, 3-cü yeri isə 308,8 manat olmaqla Abşeron otelləri tutub.
Bildirək ki, Azərbaycanda 5 ulduzlu otellərdə xidmət qiymətləri durmadan qalxır. Qiymətlər qalxsa da, təklif edilən xidmətlərin səviyyəsi barədə eyni fikri səsləndirmək, təəssüf ki, mümkün deyil.
“5 ulduzlu otellərin sayı digər kateqoriyalı otellərlə müqayisədə daha azdır. Bu tələb qarşılığında da onlar qiyməti qaldırırlar”
Turizm sahəsi üzrə ekspert Ceyhun Aşurov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, 2015-ci ildən sonra Azərbaycanda 5 ulduzlu otellərin qiymətində artım müşahidə edilməyə başladı: “Bakı şəhərində olan 5 ulduzlu otellərin əksəriyyəti dəniz kənarında, şəhər mərkəzində yerləşir. Həmin otellər birinci zolaqda yerləşdiyi üçün ölkəyə gələn turistlər də o məkanlarda qalmağa üstünlük verir. Məlumat üçün deyim ki, Azərbaycanda olan 5 ulduzlu hotellərin qiyməti xarici və qonşu ölkələrlə müqayisədə daha əlverişlidir. Ölkəmizə gələn turistlərin bir qismi 5 ulduzlu otellərdə, qalanları isə digər kateqoriyaya malik hotellərdə qalır. Turistlərin bəzisi qiymət fərqini nəzərə alıb, daha çox 3-4 ulduzlu otellərdə qalır. Həmin otellərda daha böyük rəqabət olduğu üçün qiymət stabil qalır. Lakin 5 ulduzlu otellərin qiyməti haqqında bunu demək mümkün deyil”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, pandemiyadan sonra dünyada turizm xərci artıb. Hazırda Azərbaycanda 5 ulduzlu otellər qiyməti qaldırıb. Qiymət artımına səbəb isə məhz ölkəyə gələn turistlərin 5 ulduzlu seqmentə uyğun olması və buna tələbin artmasıdır: “Düzdür, digər otellərə də tələbat var. Ancaq onu da nəzərə almaq lazımdır ki, 5 ulduzlu otellərin sayı digər kateqoriyalı otellərlə müqayisədə daha azdır. Bu tələb qarşılığında da onlar qiyməti qaldırırlar”.
Günel CƏLİLOVA