Harris seçki kampaniyasına Trampdan üç dəfə çox pul xərcləyir - günə 7,5 milyon dollar...
Demokratlar partiyasından prezidentliyə namizəd Kamala Harris seçkiqabağı kampaniyasına respublikaçı rəqibi Donald Trampa nisbətən gündə 5 milyon dollar çox vəsait xərcləyir.
"Bloomberg" agentliyinin məlumatına görə, Harris seçkiqabağı kampaniyaya avqust ayında gündə orta hesabla 7,5 milyon dollar, Tramp isə 2,6 milyon dollar sərf edib.
ABŞ Federal Seçki Komissiyası Kamala Harrisin seçki yarışına sentyabr ayında 404 milyon dollarla, Donald Trampın isə 295 milyon dollarla daxil olduqlarını bildirib.
Bu arada, “NBC” tərəfindən keçirilmiş sosioloji sorğunun nəticələrinə əsasən, Harris rəqibi Trampı beş faiz üstələyir. Sorğuya əsasən, qeydiyyatdan keçmiş 1000 seçicinin 48%-i Harrisi müsbət qiymətləndirib, iyulda bu rəqəm 32% olub. Tramp gəldikdə isə, respondentlərin 40%-i ona müsbət münasibət bəslədiyini bildirib, iyulda bu göstərici 38% olub.
Sorğu sentyabrın 13-17-də keçirilib və səhv marjası üç faiz təşkil edib.
“CBS News”un sorğusu da Harrisin Trampı 4 faiz üstələdiyini göstərib. Amerika mediası yazır ki, bu nəticələr son vaxtlarda keçirilmiş digər sorğuların nəticələrinə uyğundur, bu da noyabrın 5-nə planlaşdırılan prezident seçkilərində namizədlər arasında gərgin mübarizənin olacağından xəbər verir.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Seçkilərdə Demokratlar partiyasını ölkənin hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar partiyasını isə sabiq dövlət başçısı Donald Tramp təmsil edir.
ZÜMRÜD