Makron Fransanın yeni hökumətində iki erməniyə də nazir vəzifəsi verdi...
Fransa prezidenti Emmanuel Makron tərəfindən təyin olunan baş nazir Mişel Barnier şənbə gün yeni hökumət üzvlərini açıqlayıb. Eyni vaxtda Makronun əleyhdarları isə küçələrə axışıb. Minlərlə insan seçkilərdə qalib gələn sol ittifaqın namizədi Lyüsi Kasteni baş nazir təyin etməyən Makronun istefasını tələb edib. Makronu istefaya çağıran nümayişçilər bildiriblər ki, “əgər köhnə sistem yerində qalacaqdısa, səsvermənin nə mənası vardı?”.
Qeyd edək ki, iyulun 7-də Fransada keçirilən seçkilərin ikinci turunda birinci olan Yeni Xalq Cəbhəsi baş nazirliyə namizəd kimi Lyüsi Kasteni irəli sürüb. Lakin Makron Kastenin Milli Assambleyada səsi almasının mümkün olmadığını bildirib və onu baş nazir təyin etməkdən imtina edib. Sentyabrın 5-də isə Mişel Barnieri baş nazir təyin edib.
Barnier vəzifəyə gəldikdən iki həftə sonra yeni hökuməti elan edib. Fransanın yeni hökumətində erməni əsilli iki nazir də daxil edilib. Belə ki, Astrid Panosyan-Buve əmək və məşğulluq naziri təyin olunub. Qiyom Kasparyan isə dövlət qulluğu işləri, ictimai fəaliyyətin sadələşdirilməsi və transformasiyası naziri vəzifəsini icra edəcək.
TAHİR