Rusiya noyabrda keçiriləcək sülh sammitində iştirakdan rəsmən imtina etdi - terrorçularla danışmayacağıq...
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib ki, Rusiya Ukrayna ilə bağlı “sülh sammitləri”ndə qəti şəkildə iştirak etməyəcək. Zelenskinin “Rusiya noyabrda keçiriləcək ikinci “sülh sammitinə” dəvət edilməlidir” açıqlamasını dəyərləndirən Zaxarova Rusiyanın Ukrayna ilə bağlı “sülh sammitləri”nə qatılmayacağını və onların həll yolu ilə heç bir əlaqəsinin olmadığını bildirib.
“İkinci sammit deyilən toplantının da məqsədi eynidir - münaqişənin həlli üçün qətiyyən uyğun olunmayan “Zelenski formulunu” alternativsiz əsas kimi təqdim etmək, dünya əksəriyyətinin dəstəyini qazanmaq və Rusiyaya təslim olmaq ultimatumu qoymaq. Biz belə zirvə görüşlərində iştirak etməyəcəyik”, - deyə Zaxarova bildirib.
XİN sözçüsü vurğulayıb ki, Moskva böhranın siyasi və diplomatik yolla həllini rədd etmir, lakin “yerdəki vəziyyət”, yaranan geosiyasi reallıqlar və prezident Putin tərəfindən 14 iyunda irəli sürülən müvafiq təşəbbüsü nəzərə alan bütün ciddi təklifləri müzakirə etməyə hazırdır.
Rusiyanın maraqlarını nəzərə almadan ədalətli və davamlı həllə nail olmağın mümkünsüz olduğunu deyən Zaxarova bildirib ki, Kiyev və Qərb sülh haqqında düşünmür: "Onlara müharibə lazımdır. Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə yaramaz müdaxiləsi və Zelenskinin NATO-nun uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə hücum üçün icazə tələb etməsi bunu sübut edir. Bu, xalqımıza qarşı terrorun davamıdır. Biz terrorçularla danışmayacağıq”
TAHİR