3-cü siniflər esse, ya inşa yazmalıdır? - Mübahisə…
Elnur Hacıyev: “Şagirdlərin inşa - rəy və ya esse yazma bacarıqları inkişaf etdirilməlidir”
Son günlər ibtidai sinif şagirdlərinə esse yazdırılması ilə bağlı sosial şəbəkələrdə narazılıqlara rast gəlinir. Valideynlər qeyd edir ki, 3-cü sinif şagirdinə esse yazmaq tapşırığı verilib: “İbtidai sinif şagirdlərinə esse yazdırmaq nə deməkdir? Biz görmüşük ki, hər özündən deyən yazıçı, şair, publisist belə esse janrına girişməyə risq etmir. Şagird inşa yazmalıdır, esse yox. Şagirdə esse yazmağı tapşıran müəllimlərin əksəriyyəti essenin nə olduğunu bilmir. Onsuz da evə esse yazmaq tapşırığı veriləndə hamı inşa yazır, adını esse qoyanda noolur ki?” kimi paylaşımlar edilir.
Maraqlıdır, ibtidai sinif şagirdlərinin esse yazması nə dərəcədə doğrudur? Məktəblilər esse yazmalıdır, yoxsa inşa?
“Şagirdlərimiz ibtidai sinfi bitirən zaman inşa, inşa-rəy, esse yazma bacarıqlarına müəyyən mənada sahib olmalıdırlar”
Təhsil eksperti Elnur Hacıyev bildirdi ki, orta ümumtəhsil məktəblərində şagirdlərin yazı bacarıqlarının inkişaf etdirilməsi üçün dövlətin tələbi var: “Yazının məzmun xətti üzrə inşa yazı ilə bağlı standart var. Bu standart II sinifdə verilib. Bu o deməkdir ki, II sinifdən başlayaraq şagirdlərimiz inşa yazmaq bacarığını inkişaf etdirməlidir. Ümumiyyətlə, inşa bacarığa bağlı olan şifahi və yazılı nitqi inkişaf etdirməkdir. İnşa yazı şagirdin yazılı nitqinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Yeni təhsil proqramlarında yazı bacarıqlarının inkişafı şagirdlərin inşa yazısı ilə məhdudlaşmır. Həmçinin şagirdlərimiz inşa - rəy və ya esse yazma bacarıqlarını da inkişaf etdirməlidirlər. Bu, təxminən ibtidai sinfin təlim nəticələrində öz əksini tapıb. Qısaca, şagirdlərimiz ibtidai sinfi bitirən zaman inşa, inşa-rəy, esse yazma bacarıqlarına müəyyən mənada sahib olmalıdırlar. Bu çox vacib və əhəmiyyətli məsələdir. Əgər yaşından asılı olmayaraq hər hansı bir şəxs inşa yaza bilmirsə, deməli aldığı informasiyanı anladığı formada yazıya alma bacarığı yoxdur. Bu baxımdan düşünürəm ki, hər bir şagird inşa yazmağı bacarmalıdır”.
Günel CƏLİLOVA