ABŞ qoşunları İraqdan çəkilir - tarix açıqlandı...
İraqla uzun müddətdir davam edən danışıqlardan sonra ABŞ 2026-cı ilin sonuna qədər bu ölkədəki 2500 əsgərini geri çəkməyə razılaşıb. "Politico"ya danışan Müdafiə Nazirliyinin iki rəsmisinin sözlərinə görə, ABŞ və İraq arasında davam edən danışıqlar başa çatıb.
Qeyd olunub ki, ABŞ 2026-cı ilin sonuna qədər İraqda İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiyadakı 2500 əsgərini geri çəkməyə razılaşıb. İki ölkə arasında əldə olunan razılaşmanın gələn həftə ictimaiyyətə açıqlanacağı gözlənilir. Bununla belə ABŞ-ın hələ də İraqda İŞİD-i təhdid kimi gördüyü və terrorçu qruplaşmaya qarşı əməliyyatlarını davam etdirəcəyi bildirilir.
İraqın baş naziri Məhəmməd Şia əl-Sudani sentyabrın 17-də "Bloomberg"ə müsahibəsində ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin İraqdakı missiyasının tezliklə başa çatacağını açıqlayıb və ölkəsinin müharibə dövründən sabitləşmə dövrünə keçdiyini bildirib.
"Beynəlxalq koalisiyanın İraqdakı missiyasının sona çatması hökumət proqramının bir hissəsidir. Beynəlxalq koalisiyanın İraqdakı missiyasının bitmə tarixini yaxın vaxtlarda açıqlayacağıq. Beynəlxalq koalisiyanın mövcudluğunun səbəbləri artıq bitib. 86 ölkənin burada qalmasına ehtiyac yoxdur" - deyə Sudani bildirib.
Sudani, ABŞ-dan fərqli olaraq terror təşkilatı İŞİD-in artıq İraqa təhlükə törətmədiyini deyib.
TAHİR