Birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub
Qarabağ Dirçəliş Fondunun (QDF) İdarə Heyətinin sədri Rəhman Hacıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanovla görüşüb. QDF-nin mətbuat xidmətinin verdiyi məlumatda bildirilir ki, görüşdə iki qurum arasında əməkdaşlıq, eləcə də birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov rəhbəri olduğu qurumun son illərdəki fəaliyyəti, işğaldan azad edilmiş ərazilərdə gördüyü işlərlə bağlı geniş məlumat verib. QDF-nin İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir. Qarabağ Dirçəliş Fondu da dövlət başçısının 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında məhz bu işlərə dəstək vermək məqsədilə yaradılıb.
Qarabağın bərpasına töhfə vermək, eyni zamanda ölkəmizdə ianəçiliyin və insanlar arasında sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunan “Dirçəliş Kuboku” adlı xeyriyyə minifutbol turnirinə verdikləri dəstəyə görə TƏBİB rəhbərinə təşəkkürünü bildirən Rəhman Hacıyev diqqətə çatdırıb ki, turnirin keçirilməsindən əldə olunacaq vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək.
SAMİRƏ