Bakının 26 yerində tətbiq olunmuş "Yaşıl dalğa" nə deməkdir?...
Ərşad Hüseynov: “Yaşıl dalğa” ona görədir ki, şəhər küçələrində yüksək hərəkət intensivliyinə uyğun rejim müəyyən olunsun”
Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxac yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
NİİM-nin yaydığı məlumatda bildirilir ki, bununla bağlı səhər saatlarından başlayaraq paytaxtın 10 prospektində və 16 küçəsində işıqforlara “yaşıl dalğa” tətbiq edilir. Qeyd edək ki, “yaşıl dalğa” bu ünvanlarda tətbiq ediləcək: Mətbuat prospekti; Xətai prospekti; Tbilisi prospekti; İnşaatçılar prospekti; Azadlıq prospekti; Atatürk prospekti; 8 Noyabr prospekti; Səməd Vurğun küçəsi; Abbasqulu ağa Bakıxanov küçəsi; Süleyman Rəhimov küçəsi; İzəddin Həsənoğlu küçəsi; Mikayıl Müşfiq küçəsi; Məhəmməd Füzuli küçəsi; Rəşid Behbudov küçəsi; Koroğlu Rəhimov küçəsi; 28 May küçəsi; Yusif Səfərov küçəsi; Akademik Həsən Əliyev küçəsi; Dilarə Əliyeva küçəsi; Molla Pənah Vaqif prospekti; Əbdüləzəl Dəmirçizadə küçəsi; 20 Yanvar dairəsi. Maraqlıdır, “yaşıl dalğa” nədir və nə kimi müsbət təsiri olacaq?
“Yaşıl dalğa” işıqforların iş rejimi vasitəsilə şəhərin müəyyən küçə və prospektlərində nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etməkdir”
Nəqliyyat eksperti Ərşad Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, “yaşıl dalğa” işıqforların iş rejimi vasitəsilə şəhərin müəyyən küçə və prospektlərində nəqliyyatın hərəkətinin fasiləsizliyini təmin etməkdir: “Yaşıl dalğa”nın tətbiq edildiyi küçələrdə tıxac, nəqliyyat sıxlığı yaranan kimi ətrafdakı küçə və prospektlərdə hərəkət iflic olur. Məlumdur ki, “Bilik günü”ndə nəqliyyat sıxlığı digər günlərlə müqayisədə daha çox olur. “Yaşıl dalğa” ona görədir ki, şəhər küçələrində yüksək hərəkət intensivliyinə uyğun rejim müəyyən olunsun”.
Həmsöhbətimiz məktəblərin ətrafında müşahidə olunan nəqliyyat sıxlığına gəlincə bildirdi ki, bunun səbəbi valideynlərin avtomobili ikinci-üçüncü cərgədə saxlamasıdır. Valideynlər bunu etməməlidir: “Maksimum dərəcədə çalışmaq lazımdır ki, uşaqlar məktəbə fərdi maşınla deyil, ictimai nəqliyyatla gəlsin. Valideynlər çalışmalıdır ki, məktəblərin qarşısında nəqliyyat sıxlığı yaşatmasın”.
Günel CƏLİLOVA