MSK deputatlığa namizədlərin müraciətlərini araşdırdı – bir neçə məntəqədə nəticələr ləğv edildi
Mərkəzi Seçki Komissiyası deputatlığa namizədlərin müraciətləri ilə bağlı araşdırma apardıqdan sonra sentyabrın 13-də keçirdiyi növbəti iclasında yekun qərar qəbul edib. Qərara əsasən 17 saylı Yasamal 3-cü seçki dairəsindən namizədliyi qeydə alınmış Aydın Əbilovun müraciəti vaxtı ötdüyü üçün qəbul edilməyib.
22 saylı Nəsimi-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış Cahandar İsmayılovun isə müraciəti əsassız hesab edilib.
21 saylı Nəsimi-Binəqədi seçki dairəsi üzrə Müsavat Partiyasından qeydə alınmış namizəd Gülağa Aslanlının seçki prosesində pozuntularla əlaqədar müraciəti qismən qəbul edilib. Sözügedən dairədə 30 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib.
20 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədliyi qeydə alınmış Sərdar İsmayılovun isə 80, 81, 83 və 84 saylı məntəqələrdə pozuntularla bağlı müraciəti əsassız hesab edilib.
97 saylı Tərtər-Ağdərə-Goranboy seçki dairəsindən namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadənin müraciətinə baxılıb və qismən təmin edilib. Həmin seçki dairəsi üzrə 3, 4, 18 saylı məntəqələrin nəticələri etibarsız hesab edilib.
Komissiya üzvü Ramiz İbrahimov deyib ki, Dairə Seçki Komissiyası (DSK) 70 saylı Neftçala dairəsindən deputatlığa namizəd Vəfa Nağıyevanın müraciətini araşdırıb. O, bildirib ki, DSK-da seçki nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar müəyyən edilməyib. Buna görə də Vəfa Nağıyevanın müraciəti qismən təmin edilməlidir. Beləliklə, onun namizəd olduğu seçki dairəsi üzrə 24, 27, 34, 35, 48 və 49-cu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb.
ZÜMRÜD